Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan futbolunda ilin yaddaqalan hadisələri - XRONOLOGİYA
2018-ci il Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilməklə ölkə futbolu üçün başa çatmış oldu.
Etiraf edək ki, ölkə futbolu adına yaxşı mənada yaddaqalan bir il olmadı. Ancaq bu o demək deyil ki, Azərbaycan futbolunda az hadisə yaşandı.
Oxu.Az il ərzində Azərbaycan futbolunda ən yaddaqalan hadisələri təqdim edir.
Qurban Qurbanovun millidə debütü (30 yanvar) – Qurbanov ötən ilin noyabrın 3-də milliyə baş məşqçi təyin olunsa da, onun debütü məhz 2018-ci ilə təsadüf etdi. Maraqlıdır ki, debüt Azərbaycanda yox, qardaş Türkiyədə baş tutdu. Belə ki, komandamız UEFA Millətlər Liqasına hazırlıq məqsədilə Antalyada təlim-məşq toplanışına yollandı. 26 yanvarda açıqlanan millimizin heyətinə 24 futbolçu dəvət aldı. Yanvarın 30-da Moldova ilə görüş 0:0 hesabı ilə başa çatdı.
Futzal millimizin Portuqaliya qarşısında darmadağın olması (6 fevral) – Futzal millimiz Sloveniyanın paytaxtı Lyublyanada növbəti dəfə Avropa çempionatında iştirak etdi. Millimiz əvvəlcə fevralın 2-də Fransaya 5:3 hesabı ilə qalib gəldi. İki gün sonra dünya və Avropa çempionu İspaniyaya 0:1 uduzduq və qrupdan növbəti mərhələyə vəsiqə qazandıq. Lakin 1/4 finalın fevralın 6-da baş tutmuş görüşündə Portuqaliya millisi yığmamızı darmadağın etdi – 8:1.
Rəşad Sadıqovun U-21-də debütü (22 mart) – Qurban Qurbanovun gəlişi ilə 21 yaşadək millimizin baş məşqçisi təyin olunmuş “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun debütü də Antalyada baş tutdu. Lakin yanvarın 18-də Türkiyənin “Alanyaspor” klubunun müvafiq yaş qrupu üzrə komandası üzərindəki qələbə (3:1) rəsmi debüt sayılmır. Rəsmi ilk oyun martın 22-də Kosovonun paytaxtı Mitrovitsada baş tutdu. Həmin matçda komandamız Kosovo U-21-nə 0:2 hesabı ilə uduzdu.
Qurban Qurbanovlu millinin Bakıda debütü (23 mart) – Bu matç Bakı Olimpiya Stadionunda yığmamız kimi Millətlər Liqasına hazırlaşan Belarusa qarşı oldu. Görüş millimizin 0:1 hesablı uduzması ilə nəticələndi. Bu millimizin yeni ildə ilk yenilgisi kimi tarixə düşdü.
“Sabah”a lisenziya verilməsi (12 may) – AFFA Lisenziya Komissiyasının iclası keçirildi. I divizionun qalibi olan “Xəzər” komandası lisenziya tələblərinə cavab vermədiyi əsas gətirilərək Premyer Liqaya buraxılmadı. Onun yerinə isə Təhsil Nazirliyinin balansında olan “Sabah”a yaşıl işıq yandırıldı.
U-20 millimizin debütü (16 may) – Rəşad Sadıqovun rəhbərliyi altında yeni yaradılmış 20 yaşadək millimiz Mərdəkandakı “Dalğa Arena”da üç yoxlama matçı keçirdi. Mayın 16-dakı ilk matçda U-20 Gürcüstandan olan həmyaşıdlarına 1:2 hesabı ilə uduzdu.
“Kəpəz”in Premyer Liqanı tərk etməsi (20 may) – Ölkənin ikinci böyük şəhərinin Premyer Liqa ilə vidalaşması daha öncədən bəlli idi. Komandanın Premyer Liqadakı son oyunu Gəncədə əzəli rəqibi “Neftçi”yə qarşı baş tutdu. Təəssüf ki, “Kəpəz” Premyer Liqanı 1:2 hesablı məğlubiyyətlə tərk etdi (14 xalla səkkiz komanda arasında sonuncu oldular – S.M.). Hazırda AFFA-dan maliyyələşən komanda çıxışını I divizionda davam etdirir və 11 xalla XII sırada qərarlaşıb.
“Keşlə”nin tarixində ilk dəfə kubok qazanması (28 may) – Dörd dəfə “İnter” adı ilə ölkə kubokunun finalında uduzmuş komanda yeni adla bu nailiyyətə imza atdı. Ukraynalı Yuri Maksimovun baş məşqçisi olduğu komanda Qəbələdə gözlənilmədən yerli komandanı məğlub edərək ilk dəfə kuboku qazandı. Yeganə qolu 71-ci dəqiqədə hazırda “Zirə”də çıxış edən Pərdis Fərcad-Azad vurdu.
Millimizdən ilin ilk qələbəsi (29 may) – Komandamız ilk qələbəsini ölkə kubokundan bir gün sonra qazandı. Həmin qələbə Bakı Olimpiya Stadionunda Qırğızıstan üzərində qazanıldı. “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin 17-ci dəqiqədə vurduğu qol Qurban Qurbanovlu millinin ilk qolu kimi tarixə düşdü.
Əliyar Ağayevin FIFA-nın I kateqoriyalı hakimi olması (30 may) – AFFA FIFA referimiz Əliyar Ağayevin I kateqoriyaya yüksəldiyini açıqladı. Bununla da onun Çempionlar Liqasının qrup mərhələsində matç idarə etmək şansı yarandı. Ağayev cari mövsüm Avroliqanın qrup mərhələsində matçlar idarə etdi.
Əfran İsmayılovun “Sumqayıt”da peyda olması (11 iyun) – Hələ mövsüm başa çatmamış mayda “Qarabağ”dan ayrılan Əfran İsmayılov gözlənilmədən “Sumqayıt”a keçdi. O bu klubla bir illik müqavilə bağladı.
Birdən-birə üç komandamızın mübarizəni erkən dayandırması (19 iyul) – Avrokuboklara Avropa Liqasının I təsnifat mərhələsindən qoşulan “Neftçi”, “Qəbələ” və “Keşlə” gözlənilmədən mübarizəni elə ilk mərhələdəcə dayandırdı. Baxmayaraq ki, “Qəbələ” və “Keşlə” cırtdan ölkələrin təmsilçiləri ilə düşmüşdü, “Neftçi” isə ilk matçda qalib gəlmişdi. Bu Azərbaycan futbolu tarixinin son dövrlərinin ən uğursuz mövsümü kimi yadda qaldı.
AFFA İcraiyyə Komitəsindən vacib qərarlar (24 iyul) – AFFA İcraiyyə Komitəsinin keçirdiyi iclasla Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionat ləğv edildi. “Qəbələ”nin ikinci komandası istisna olmaqla, digər yeddi komanda I diviziona qatıldı. I divizionda limit tətbiq edildi. Limitə əsasən komandalar start heyətdə dörd sərbəst, altı 1998-ci il təvəllüdlü, bir nəfər isə 2001-ci il təvəllüdlü futbolçu meydançaya buraxmalı idi.
Premyer Liqanın püşkünün atılması (27 iyul) – Səkkiz komandalı çempionatın püşkü atıldı. Çempionat avqustun 11-də “Dalğa Arena”da “Sumqayıt” – “Neftçi” matçı ilə start götürdü.
“Qarabağ”ın ardıcıl beşinci dəfə avrokubokun qrupuna düşməsi (30 avqust) – Azərbaycan çempionu “Qarabağ” yenə avrokubok mübarizəsinə Çempionlar Liqasında başladı. İki mərhələ keçsə də, BATE səddinə ilişdi və yoluna Avroliqada davam etməli oldu. Burda Moldovanın “Şerif” komandasına 0:1 uduzsa da, Bakıda 3:0-lıq qələbə “Qarabağ”ı ardıcıl beşinci dəfə qruplara daşıdı.
Millimizin Millətlər Liqasında debütü (7 sentyabr) – UEFA-nın yeni turniri Millətlər Liqası sentyabrda start götürdü. D divizionunda mübarizə aparan Azərbaycan millisi bu turnirdəki ilk matçını öz qrupunun favoriti Kosovo ilə keçirdi. Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə nəticələndi.
Xaqani Məmmədovun Hakimlər Komitəsindən çıxarılması (14 sentyabr) – UEFA-nın tövsiyəsi ilə AFFA Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirildi. Yeni sədr isə avstriyalı sabiq FIFA referisi Frits Ştuxlik oldu. Hakimlər Komitəsinin uzun müddətli sədri olmuş Xaqani Məmmədova isə yeni qurumda iş verilmədi.
“Qarabağ”ın “Arsenal”la qarşılaşması (4 oktyabr) – “Qarabağ” Avroliqanın qrup mərhələsinin II turunda İngiltərə nəhəngini Bakı Olimpiya Stadionunda qəbul etdi. London təmsilçisinə görə stadiona biletlər vaxtından əvvəl satıldı və 70 minlik stadion demək olar ki, doldu. “Qarabağ” isə güclü rəqibi ilə başa-baş oynasa da, sonda 0:3 hesablı yenilgidən qaça bilmədi.
U-19 millimizin elit mərhələyə yüksəlməsi (20 noyabr) – Oğlanlardan ibarət U-17, qızlardan ibarət U-19 və U-17 millilərimiz Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edərək qrupda qaldı. Yalnız oğlanlardan ibarət U-19 elit mərhələyə yüksələ bildi. Vüqar Məmmədin baş məşqçisi olduğu komanda əvvəl İsrailə uduzsa da, Gürcüstan və Lixtenşteyn üzərində qələbələrlə bu hədəfinə çatdı.
Millimizin Kosovoya darmadağın olması (20 noyabr) – Yığmamız qrupun son matçında Kosovonu yenib qrup lideri olmaq istəsə də, Priştina şəhərində acı məğlubiyyətlə üzləşdi. Komandamız Millətlər Liqasındakı çıxışını 0:4 hesablı məğlubiyyətlə başa vurdu. Bununla da bu turnir vasitəsilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirdik.
AVRO-2020-nin seçmə mərhələsinin püşkünün atılması (2 dekabr) – İrlandiyanın paytaxtı Dublində dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirildi. Millimizin rəqibləri dünya ikincisi Xorvatiya, eləcə də köhnə tanış rəqiblər – Uels, Slovakiya və Macarıstan oldu.
Qurban Qurbanovun millidən göndərilməsi (8 dekabr) – AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolu üçün ilin vacib qərarlarından birini çıxardı. Millətlər Liqasındakı uğursuz çıxışa görə millinin baş məşqçisi Qurban Qurbanovun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildi. Həmçinin U-21-də Rəşad Sadıqov, U-18-də Zaur Həşimov, U-17-də Ramin Quliyev, U-16-da Azər Həşimov və U-15-də Famil Xəlilovla yollar ayrıldı. Yalnız U-19-un baş məşqçisi Vüqar Məmmədlə müqavilə müddəti uzadıldı.
Səbuhi MUSAYEV