Keçən şənbə Azərbaycan Qolf Akademiyasında əlamətdar hadisə baş verib.
Bütün şəhər Müqəddəs Valentin günü adına tıxaclarda olduğu zaman, paytaxtın məktəblərində trenerlər komandası tərəfindən seçilən və bu oyuna qabiliyyətləri ilə seçilən gənc qolf həvəskarları Akademiyada görüşüblər. Görüş zamanı doyunca qolf oynayıb, ünsiyyətdə olub və gələcək tədris üçün yetərli məlumat alıblar.
Xatırladaq ki, 2015-ci ilin yanvar ayından Qolf Federasiyası qolfu Azərbaycan gənclərinin həyatının tərkib hissəsi edəcək və gələcəkdə layiqli qolf üzrə yığmanın formalaşdırılmasına istiqamətlənmiş yeni möhtəşəm FlamesGolf layihəsinin realizəsinə başlayıb. Dərslər başda Spenser Henderson olmaqla beynəlxalq səviyyəli məşqçilər tərəfindən aparılır. Uşaqlarla iş sahəsində böyük təcrübəyə malik olan məşqçilər həftədə bir dəfə 160, 6, 8, 66 nömrəli “Tərəqqi” məktəb-liseydə və “Kaspi” liseyində dərslər keçirirlər.
FlamesGolf proqramının “Qolfu sına... Qolf oyna... Qolfu sev!” şüarı Milli Qolf Federasiyasının qolfu daha çox sayda gəncin həyatının tərkib hissəsinə çevirmək, istedadlı qolfçular nəsli yetişdirmək sahəsində bütün səylərini və məqsədini tamamən əks etdirir.
Bu dərslərin nəticələrinə əsasən fevral ayının 14-də Qolf Akademiyasında gənc qolf istedadlarının görüşü təşkil edilmişdi. Çox güman ki, məhz elə onlar bir neçə il sonra ölkəmizi ən nüfuzlu beynəlxalq turnirlərdə təmsil edəcəklər.
Uşaqlar oyunlardan, açıq havada keçirilən məşqlərdən həzz alır, valideynlərə isə bu zaman gələcək təhsil haqqında ətraflı məlumat verilirdi.
Həmçinin qeyd edək ki, 2015-ci ilin fevral ayının 28-də Azərbaycan Qolf Federasiyası uşaqlar və valideynlər üçün Açıq qapı günü keçirmək niyyətindədir. Tədbir Milli Qolf Akademiyasında saat 11:00-dan 16:00-a qədər keçiriləcək. Kiçik qolfçuları əyləncəli anlar – oyunlar, yarışlar, qolf oyunu təlimləri, dadlı sovqatlar və əlbəttə ki, mükafatlar və hədiyyələr gözləyir.
Valideynlər, eləcə də digər qonaqlar da yaddan çıxmayacaq – onlar Qolf Akademiyasında tədris haqqında tam informasiya alacaq, uşaqlarının məşqlərində iştirak edə biləcək və rahat kafedə çox gözəl vaxt keçirə biləcəklər.
Bu tədbirdə Qolf Akademiyası yeni qolf təliminin uşaqlar üçün proqramın ilk səviyyəsi - FLAMESGOLF “PARS” layihəsini təqdim edəcək. Bu proqram çərçivəsində sizin uşaqlar maraqlı idman növünə, eləcə də ingilis dilinə yiyələnə bilərlər.
Qeyd edək ki, tədbirin rəsmi sponsorları Rixos Quba Azərbaycan oteli, National Geographic Azərbaycan jurnalı, İmprotex Motors şirkətidir.
Onu da əlavə edək ki, bu, qalibləri qiymətli hədiyyələrlə sevindirəcək İmprotex Motors şirkəti və Azərbaycanın Qolf Federasiyasının ilk belə əməkdaşlığı deyil.
BMW avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri olan İmprotex Motors AQF-nin keçirdiyi tədbirlərə daim dəstək göstərib. Bu tədbirlər arasında Qubadakı Milli Qolf Klubunda keçirilmiş bir sıra beynəlxalq yarışlar da daxildir.
Proqram barədə ətraflı məlumat əldə etmək və qolf üzrə Açıq qapı gününə qeydiyyatdan keçmək üçün:
Azərbaycan Qolf Federasiyası/Milli Qolf Akademiyası
tel: + 994 12 499 86 86
+ 994 12 499 89 89
email: info@aqf.az
Aliyə İsmayılzadə
www.oxu.az