Biz dəfələrlə qısa müddət ərzində Azərbaycan Milli Qolf Federasiyasının nail olduğu uğurlardan danışmışıq, yalnız yayda Qubada keçirilən və dünyanın məşhur qolf ulduzlarını bir araya toplayan möhtəşəm “European Challenge” qolf-turnirini misal çəkmək kifayətdir.
İndi isə Qolf Federasiyası qolfu Azərbaycan gənclərinin həyatının bir hissəsinə çevirməyi və gələcəkdə layiqli milli yığmanı yaratmağı özünə məqsəd seçən, növbəti möhtəşəm FlamesGolf layihəsini həyata keçirməyə başlayıb.

2015-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Qolf Federasiyası 6 yaşından 16 yaşına qədər uşaqlarla dərslərə başlayıb. Proqramın məqsədi qolfu məktəblilər arasında populyarlaşdırmaqdır. Federasiyanın peşəkar məşqçiləri uşaqlarla maraqlı dərslər aparırlar, onlara qolfun tarixi, məşhur qolfçular haqqında danışır, bu gözəl oyunun əsaslarını öyrədirlər.
Hal-hazırda dərslər müntəzəm olaraq 160, 6, 23, 66 saylı məktəblərdə və “Kaspi” liseyində aparılır. Dərslər uşaqlarla iş sahəsində böyük təcrübəsi olan, beynəlxalq səviyyəli məşqçi - Spenser Henderson başda olmaqla təcrübəli məşqçilər komandası tərəfindən aparılır.
Hər bir dərs üç hissəyə bölünür - əvvəlcə uşaqlara qolf oyununun əsas qaydaları haqqında informasiya verilir, sonra giriş və daha sonra təbii ki, dərsin özü başlayır. Burada onlar qolf çubuğunu düzgün tutma qaydalarını və topa zərbənin vurulmasını öyrənirlər.

Valideynlər də diqqətdən kənarda qalmayıblar – onlardan hər biri dərsdə iştirak edərək uşaqlar üçün məşqlərin necə keçdiyinə baxa və məşqçiyə, eləcə də onun assistentlərinə öz suallarını verə bilərlər.
Bu proqramın məqsədi Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət yığmasının yaradılması üçün qolfçuların seçilməsi və tədrisidir. Məhz onlar gələcəkdə ölkəmizi nüfuzlu beynəlxalq turnirlərdə təmsil edəcəklər.
Proqramın “Özünü qolfda sına... Qolf oyna... Qolfu sev!” kimi səslənən şüarı qolfu daha çox gəncin həyatının bir hissəsinə çevirməyə və istedadlı qolfçu nəslini yetişdirməyə çalışan Azərbaycan Milli Qolf Federasiyasının istiqamət və məqsədini əks etdirir.

Bir neçə həftə ərzində Qolf Federasiyasından olan komanda Bakı məktəblərinə səfər edəcək və dərslər keçirəcəklər. Bu dərslərin nəticəsində hər məktəbdən daha çox istedadlı qız və oğlanlar seçiləcək, onlara Qolf Akademiyasında təmənnasız olaraq dərsləri davam etdirmək imkanı yaradılacaq. Beləliklə də, Qolf Federasiyası böyüməkdə olan nəsildə bu idman növünə qarşı marağın stimullaşdırılmasını planlayır.
Kim bilir, bəlkə də sabah, məşhur turnirlərdə ölkəmizin bayrağını qaldıracaq məşhur qolfçular məhz bu qızlar və oğlanlar olacaq?
Aliyə İsmayılzadə
www.oxu.az