“Şəhriyar Məmmədyarovla ilk oyun çətin keçdi. Sonrakı qarşılaşmada az qalsın məğlub olacaqdım. Amma daha sonra macarıstanlı Rixard Rapportu armageddonda məğlub etdim. Belə nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi Fabiano Karuana yarışın rəsmi saytına açıqlamasında deyib.
ABŞ-ı təmsil edən 29 yaşlı italyan əsilli qrossmeyster turnirin bundan sonra da təşkilinin onlar üçün əhəmiyyətli olacağını söyləyib: “Yarış ötən il pandemiya ilə əlaqədar keçirilmədi. Sevinirik ki, nüfuzlu turnir bu il baş tutub və bundan sonra hər il təşkil olunacaq. Blits və rapid üzrə oyunlar bir qədər çətin olsa da, maraqlı və gərgin rəqabət şəraitində keçdi. Belə yarışda iştirakdan məmnunam”.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub.