Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub.
Oxu.Az xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib.
Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş fransalı futbolçular – Baqaliy Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş iranlı Peyman Babayinin mükafatı “Sumqayıt” klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.
Qeyd edək ki, iyunun 20-də “Azərsun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi reallaşmışdı. Orada, həmçinin, dördüncü bombardir Mahir Emreli də mükafatını almışdı.