Ölkədə vətənpərvərlik ruhununun formalaşdırılması, dövlət üçün istedadlı kadrların yetişdirilməsi, Azərbaycanı ölkə xaricində layiqincə təmsil etmək kimi amillər, heç şübhəsiz ki, təməl prinsiplərə söykənməlidir.
Bunun üçün dövlətin uşaq və gənclərdən başlayan bazası formalaşmalıdır. Daha da dəqiqləşdirməli olsaq, uşaq və gənclərin bu kimi tələblərə cavab verməsi üçün onların müxtəlif sahələr üzrə inkişaf etdirilməsi lazımdır. Respublikamızda uşaq və gənclərin inkişafı bu baxımdan əsas prioritet məsələlərdən biridir. Bu məsələdə əsas yük Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin üzərinə düşür.
Mənəvi inkişaf
Mərhum ölkə başçımız Heydər Əliyev demişdir: “Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi ucun onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ögey munasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi, kecmişimizi, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidir”.
Məhz şəxsiyyətin formalaşması prosesi bütün bu keyfiyyətlərə malik olmaqdan keçir. Vətənini sevməyən insanın mənəviyyatından da danışmaq artıq olar. Bütün bu amillər bir-birini mütləq şəkildə tamamlamalıdır.
Azərbaycanda digər sahələrdə olduğu kimi, uşaq və gənclərin mənəvi cəhətdən inkişaf etdirilməsində də islahatlar aparılır. Buna bariz nümunə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2016-cı il tarixli 431 nömrəli qərarını göstərmək olar.
Sözügedən qərara görə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və Tofiq İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradıldı.
Həmin mərkəzin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.
Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün müasir dövrün tələblərinə cavab verən məkanların yaradılması nəzərdə tutulub. Geniş profilli müəssisə yaratmaqla, elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qrupların, klub və s. birliklərin təşkili, müxtəlif müsabiqə, sərgi, bayram tədbirlərinin, həmçinin elmi-laborator təcrübələri keçirilir.
Bu mərkəz gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların estetik dünyagörüşünün milli köklər üzərində formalaşmasına da müsbət təsir göstərir. Bura gənclərimizin intellektual potensialının inkişafını da aid etmək olar.
Fiziki inkişaf
Yuxarıda uşaq və gənclərin mənəvi inkişafından bəhs etdik. Bəs fiziki inkişaf üçün hansı imkanlar bizim gələcəyimizin tumurcuqları üçün var? Bunun üçün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) fəaliyyət göstərir.
BŞGİBİ rəisi Raqif Abbasov ölkədə yeniyetmə və gənclərin idmanla məşğul olmasının kütləvi hal aldığını bildirib:
“Bakı Şəhər Gənclər və İdman İdarəsi iki istiqamət üzrə fəaliyyət göstərir: kütləvi bədən tərbiyəsi və idman. 56 Olimpiya və qeyri-Olimpiya idman növü üzrə üç yaş qrupunda yeniyetmə, gənclər və böyüklər arasında paytaxt birincilikləri, turnirlər, kuboklar və beynəlxalq yarışlar keçiririk. Digər istiqamət isə həvəskarlar arasında kütləvi idmanın təbliğatı məqsədilə baş tutur. Bunu biz ayrı-ayrı dövlət və özəl qurumlarla müştərək olaraq Spartakiada qismində keçiririk. Spartakiadalar daha çox kompleks idman növlərinə aiddir. Hansı ki, orda o qədər də peşəkar idman biliklərinə sahib olmaq lazım deyil.
Orta ümumtəhsil məktəbləri və ali təhsil ocaqları arasında müxtəlif normativlərə uyğun olaraq kütləvi tədbirləri təşkil edirik. Birmənalı olaraq qeyd edə bilərəm ki, sağlam həyat tərzi ilə məşğul olmaq uşaq və gənclər arasında artıq dəb halına düşüb”.
BŞGİBİ-nin keçirdiyi yarışların hansı yaş kateqoriyalı yeniyetmə və gənclər arasında keçirilməsi də maraqlıdır. Sözügedən qurumun rəhbəri buna belə aydınlıq gətirir:
“Son vaxtlar Bakıda “Abad Məhəllə”lərin açılışı olur. Orda 7-9-11-ci sinif şagirdləri arasında həm stolüstü idman, həm də kütləvi idman növləri keçiririk. İdman növlərini seçəndə zədə almaq ehtimallarının olması nəzərə alınır. Məsələn, stolüstü idman növlərində zədə almaq ehtimalı demək olar ki, olmadığından, burda nisbətən yaşlı gənclərin müraciəti daha çox olur. Ümumiyyətlə, şahmat, dama, mini futbol, voleybol, üzgüçülük, estafet və atletikanın ayrı-ayrı istiqamətlərinə daha çox tələbat var. Məsələn, böyük tennislə müqayisədə voleybola daha çox maraq göstərilir. Təbii ki, bu daha çox ölkədə bu idman növlərinin bazasının olub-olması ilə də əlaqədardır”.
Bakıda iyulun 21-də Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu mötəbər turnir idmanla məşğul olmaq istəyən yeniyetmə və gənclərin daha da diqqətini cəlb edəcək.
“Hər bir dövlət istəyir ki, onun tək böyüklər arasında yox, gənclər arasında da nəticələri yaxşı olsun. Avropa Olimpiya Gənclər Festivalının mahiyyəti həm də ondan ibarətdir ki, ehtiyat qüvvə sınaqdan keçiriləcək.
Yeniyetmə və gənclər arasında nəticə qazanmaq böyüklərə nisbətdə daha asandır. Çünki burda idmançıların peşəkarlıq səviyyəsi o qədər də çox olmur. Əminliklə demək olar ki, yeniyetmə və gənclər arasında keçirilən yarışlarda nəticə qazanmış idmançılarda böyük yaş qrupunda medala yiyələnmək eşqi daha çox olur”, – deyə Raqif Abbasov bildirir.
Ölkədə fiziki inkişaf üçün yaradılmış perspektivlər
Azərbaycanlı uşaq və gənclərin fiziki inkişafı üçün ölkəmizdə yetərincə imkanlar var. Hazırda Respublikamızın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.
Ötən il Lənkəran şəhərində yeni Olimpiya İdman Kompleksi istifadəyə verildi. Neftçala, Tərtər, Goranboyda Olimpiya İdman Komplekslərinin və Yardımlı, eləcə də Bakının Qala qəsəbəsində İdman Kompleksləri tikintisi isə davam etdirilir.
Bu ilin fevralın 13-də isə ölkə başçısı İlham Əliyev şəxsən özü Milli Olimpiya Komitəsinin rəhbəri olaraq Goranboy Olimpiya İdman Kompleksinin açılışını etdi.
Həmçinin Yevlax Olimpiya İdman Kompleksini layihələndirilməsi başa çatdırılıb. Günəşli qəsəbəsində yeni şahmat məktəbi, Buzovnada isə idman zalı tikilib istifadəyə verilib. Səkkiz idman zalının tikintisi isə davam etdirilmək üzrədir. Sadaladığımız bu infrastrukturlar ölkənin gənclərinin idmanla məşğul olması üçün çoz gözəl imkanlar yaradır.
Bundan başqa, fərdi şəkildə idman klubları və ya idman zalları açıb sahibkarlıqla məşğul olan insanlar var. Bunların arasında Azərbaycanın məşhur idmançılarının adlarına da rast gəlmək olar. Məsələn, Zabit Səmədov, Rəsul Çunayev, Eduard Məmmədov kimi idmançıları bu sırada sadalamaq mümkündür.
Elə idmançılar var ki, qazandıqları maliyyə vəsaitini əyləncəyə xərcləyirsə, adlarını çəkdiyimiz insanlar özləri kimi perspektivli idmançıların yetişməsi üçün kapitalını bu sahəyə ayırır.
Yuxarıda qeyd etmişdik ki, ölkəmizdə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbləri fəaliyyət göstərir. Bu məktəblərin daxilində azərbaycanlı gənclər idmanın sirlərinə yiyələnir, fiziki imkanlarını yaxşılaşdırmaq imkanı əldə edirlər.
Onu da qeyd edək ki, ölkəmiz mütəmadi olaraq yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edir. Ötən il idmançılarımız bu Olimpiadada iştirak etmək üçün 17 lisenziya qazanmışdı. Argentinanın paytaxtı Buenos Ayresdə keçirilmiş Olimpiadada üç qızıl, bir gümüş və üç bürünc medal olmaqla ümumilikdə yeddi medal qazandıq. Cüdoda, güləşdə yeniyetmə yaşlarında qazanılan bu nəticələr digər idmançı olmaq xəyalı quran azyaşlı vətəndaşlarımıza motivasiya verir, onların hər il idmanla məşğul olmaq həvəslərini artırır.
Bu amillər ailə başçılarına da təsir edir. Onlar öz övladlarını idmançı kimi görmək istəyir, özləri uşaqlarını idman məktəblərinə, klublarına yazdırır. Çoxlu sayda ölkədə aşağı yaş qrupları üzrə futbol komandaları fəaliyyət göstərir. Minlərlə uşaq bu məktəblərdə futbolun sirlərinə yiyələnir, peşəkarlığa gedən yolun ilk addımlarını atır.
Sonda onu da qeyd edək ki, ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq olunub.
İlk dəfə olaraq, strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etmək və yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Əminliklə demək olar ki, ölkəmiz hazırda bu strategiyanı uğurla davam etdirir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.