“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı I Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb.
“Seven Network” kanalı 2007-ci ildən ölkənin ən reytinqli televiziya kanalıdır. Bu telekanalla bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın hər yerində Oyunların daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib və qeyd edib ki, bu kanalın Birinci Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi Bakı-2015-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.
Bu sazişlə Bakı-2015 Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı. “Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn əlavə edib: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.
E.Ə.
www.oxu.az