Bakı-2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçirilib.
Oxu.az-ın Apasport.az-a istinadən məlumatına görə, kişilər qrup mərhələsinin sonuncu turuna çıxıblar.
Təmsilçilərimiz Bernardo Romano və Leonid Qritsay A qrupunun lideri olan italyanlarla üz-üzə gəlib. H qrupunda iştirak edən digər yığmamız Neylton Santos - Yaroslav Rudik cütlüyü də liderə qarşı mübarizə aparıb. Onların rəqibi isveçrəli voleybolçular olub. Hər iki komandamız meydanı məğlub kimi tərk edib.
Kişilərin yarışında qrupları lider kimi tamamlayan komandalar birbaşa 1/8 finala vəsiqə qazanıblar. Qrupları 2-3-cü sırada bitirən kollektivlər isə pley-offda üz-üzə gəliblər. Qrup mərhələsini ilk üç sırada bitirən Azərbaycanın hər iki komandası pley-offa vəsiqə qazanmağı bacarıb. Bu mərhələnin qalibləri mübarizəni 1/8 finaldan davam etdirəcək.
Pley-offda Neylton Santos - Yaroslav Rudik cütlüyü Ukraynanı təmsil edən Aleksey Denin və Oleq Plotnitskiyə qarşı mübarizə aparıb və qalib gələrək, 1/8 finala adlayıb. Onlar sabah bu mərhələdə Latviya təmsilçiləri Haralds Reqza və Martins Plavinslə qarşılaşacaq.
Bernardo Romano və Leonid Qritsaydan ibarət komanda isə rusiyalı idmançılar Yaroslav Koşkarev və Dmitri Barsyukla məğlub olaraq, mübarizəni dayandırıb.
O ki qaldı qadınlara, komandalar 1/4 finalda qarşılaşıblar. Azərbaycanın heç bir təmsilçisi bu mərhələyə qədər irəliləyə bilmədiyindən, medal şansımız qalmayıb. 1/4 final oyunlarından sonra isə Litva, Avstriya, İsveçrə və İtaliya təmsilçiləri yarımfinala adlayıblar. Finalın bir addımlığında isə sabah Litva - Avstriya və İsveçrə - İtaliya oyunları keçiriləcək.
18:00
Bakı 2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçirilir.
Oxu.Az xəbər verir ki, kişilərin yarışında təmsilçilərimiz Bernardo Romano və Leonid Qritsay A qrupunun lideri olan italyanlarla üz-üzə gəliblər.
Bu görüşün ilk seti 21:15 hesabı ilə rəqibin xeyrinə bitib, növbəti setdə də İtaliya 9:21 hesablı qələbə ilə başa vurublar.
Bununla da voleybolçularımız bu görüşdə də məğlub olub.
Qrup mərhələsini ilk üç sırada bitirən Azərbaycanın hər iki komandası pley-offa vəsiqə qazanmağı bacarıb. Bu mərhələnin qalibləri mübarizəni 1/8 finaldan davam etdirəcək. Pley-off oyunları bu gün saat 19:00-dan başlayacaq.
E.Ə.
www.oxu.az