Bakı Su İdmanı Mərkəzi gələcəyə doğru bir addım atdı. Belə ki, iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə Bakıdan 20 gənc üzgüçü əsas yarış hovuzunda baş tutan ilk təlim-məşqdə iştirak etdilər.
Oxu.Az xəbər verir ki, Bakı 2015 üçün tikilən, dünya standartlarına cavab verən arena Avropa Oyunları zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlardan sonra Mərkəz ictimaiyyətin istifadəsi üçün açıq olacaq.
Bakı Su İdmanı Mərkəzinin şəhər sakinləri üçün faydasından danışan Bakı 2015-in İdman şöbəsinin direktoru Pirs Okallahan dedi: “Bu məkanda azyaşlılar üçün təlim sessiyasının keçirilməsi xoşdur. Kompleksin tikilməsində əsas məqsəd onu Oyunlardan sonra sakinlərin istifadəsinə vermək idi. Bakı Su İdmanı Mərkəzi şəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir.
Hovuz Olimpiya standartlarına uyğun tikilib və onun üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcəyinə əminəm”.
Gənc idmançılar yeni arenanı bəyəndilər. Avropa Oyunlarından sonra təlim keçəcəkləri arena ilə tanış olmaq, onu sınaqdan keçirə bilmək onların marağına və sevincinə səbəb oldu.
Tədbir haqqında danışan Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov isə bunları bildirdi: “Bakı 2015 Avropa Oyunları, Azərbaycan tarixinin ən böyük idman tədbiridir və bu, mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici bir haldır. İdman sağlam qalmaq, yeni dostlar qazanmaq, məşhur olmaq üçün ən yaxşı vasitədir. Oyunların daha çox azyaşlını idmanla məşğul olmağa cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlar qazanmağa ruhlandıracağına ümid edirəm”.
Bakı 2015-in Su idmanı növləri üzrə ulduz elçisi Murad Dadaşov tədbirə qatılaraq bu fikri bir daha təsdiq etdi: “22 gün sonra bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bu, ölkəmizi nümayiş etdirmək üçün bizə ayrılmış vaxtdır. Bu, möhtəşəm festival olacaq və mən sizi tədbirdə iştirak etməyə və onun bir hissəsi olmağa dəvət edirəm. Mən ailəmlə birlikdə orada olacağam və idmançılarımızı dəstəkləyəcək, idman tamaşasından zövq alacağam.
Su idmanı növləri üzrə yarışlara biletlər hələ də satışda var. Biletləri https://tickets.baku2015.com veb səhifəsindən onlayn qaydada, yaxud 12 bilet satış məntəqəsinin birindən almaq mümkündür. Yenidən burada görüşənədək!”.
6000 tamaşaçı tutumuna malik Bakı Su İdmanı Mərkəzi Avropa Oyunlarının Bayraq Meydanı qrupunda yerləşən yeddi arenasından biridir. Kompleks, 800-dən çox idmançının su idmanının üç növü üzrə medal uğrunda mübarizə aparacağı 14 günlük yarışa ev sahibliyi edəcək.
Arena Azərbaycan Respublikasının Prezidentinin 30 avqust 2012-ci il tarixli Sərəncamına əsasən inşa olunub. Mərkəzin təməlqoyma mərasimi isə 2013-cü il aprelin 19-da keçirilib. Mərkəzdə iki üzgüçülük və bir suya tullanma hovuzu var. Əsas və təlim hovuzlarının ölçüləri eynidir (50x25 m) və Olimpiya standartlarına və tələblərinə cavab verir. Təlim hovuzu iki hissəyə ayrıla bilər və bir hissənin dərinliyi gənc üzgüçülər üçün uyğunlaşdırıla bilər.
Suya tullanma hovuzunun dərinliyi 5 metrdir və idmançıların yarışa hazırlıq otağı da daxil olmaqla suya tullanma üzrə təlim sessiyaları üçün mükəmməl avadanlıqlarla təchiz olunub.
SON
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud http://az.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: «Park Bulvar», «28 Mall», «Metro Park» ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, «Azərbaycan» kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən «McDonald’s» restoranı.