Portuqaliyalı ulduz yarımmüdafiəçi Bernardu Silva rəsmən İspaniyanın "Real Madrid" futbol klubunun şərəfini qoruyacaq.
Oxu.Az xəbər verir ki, bu möhtəşəm transfer barədə Madrid təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, istedadlı futbolçu ilə imzalanmış müqavilə 30 iyun 2028-ci il tarixinədək qüvvədə olacaq.
Xatırladaq ki, hazırda 31 yaşı olan Silva 2017-ci ildə "Monako"dan İngiltərənin "Mançester Siti" klubuna transfer olunmuşdu. O, "şəhərlilər"in heyətində altı dəfə İngiltərə çempionu adını qazanıb, beş dəfə İngiltərə Liqa Kubokunu, üç dəfə isə ölkə kubokunu və Superkubokunu başı üzərinə qaldırıb. Bundan əlavə, portuqaliyalı oyunçu sabiq klubu ilə birlikdə Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının da qalibi olmağı bacarıb.