Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dadaş Dadaşbəyli: "Azərbaycan bayrağını hər zaman yüksəklərə qaldırmağa çalışıram"
"Qazandığım gümüş medalı atama həsr edirəm".
Oxu.Az xəbər verir ki, bunu Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimindən sonra idmançı jurnalistlərə mundialda əldə etdiyi tarixi nailiyyət barədə danışıb:
"10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. Bu mənim karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. Mənə bu yarışda iştirak edə bilməyim üçün öz dəstəyini göstərən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının bütün rəhbərliyinə, həmçinin Daxili İşlər Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm. May ayında iki ağır əməliyyat keçirdim. Rəhbərliyimiz və digər qurumlar mənə öz dəstəklərini əsirgəmədilər. Dayanmaq fikrində deyiləm. Çalışıram, hər zaman Azərbaycan bayrağını ucalara qaldırım. Növbəti məqsədim qızıl medal qazanmaqdır".
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək kiçik gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutaraq böyük gümüş medala yiyələnib.
Anar Həsənov
Rəylər