Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları vətənə qayıdıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın təntənəli qarşılanma mərasimi keçirilib.
Yığmanın baş məşqçisi Sərdar Həsənov Albaniyada keçirilən Avropa birinciliyində üç idmançı ilə təmsil olunmalarına baxmayaraq, hər birinin medal qazanmasının komandanın düzgün istiqamətdə çalışdığını göstərdiyini bildirib.
"Yadınızdadırsa, ötən yarışda da qeyd etmişdik ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda bunu bir daha sübut etdik. Üç idmançı ilə yola düşdük və hər biri medal qazandı. Təbii ki, belə yarışlarda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Lakin məşqçilər heyəti olaraq işimizi real nəticələr əsasında qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün fiziki və psixoloji cəhətdən hazır olan idmançılara şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir", - deyə baş məşqçi vurğulayıb.
Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadə qazandığı medalı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etdiyini bildirib.
"Bu qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırıblar. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da Albaniyada idilər. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür ki, belə də oldu. Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U-23 kateqoriyasında medal qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm", - deyə o qeyd edib.
Digər mükafatçı Fuad Həsənov yarışa yüksək səviyyədə hazırlaşdıqlarını, əldə olunan nəticədə yaradılan şəraitin və məşqçilərin əməyinin mühüm rol oynadığını söyləyib.
"Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüzfaizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq", - deyə idmançı bildirib.
Avropa birinciliyinin digər mükafatçısı Qasım İsmayılov da komanda olaraq hər üç idmançının medal qazanmasından məmnunluğunu ifadə edib.
"Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı nəticə göstərə bilərdik. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümə əsasən qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, öz nəticələrimi hər yarışda yaxşılaşdırım. Məqsədimiz böyüklər arasında keçirilən yarışlarda da ölkəmizi layiqincə təmsil etməkdir", - deyə o vurğulayıb.