Norveç, Danimarka və İslandiya milli futbol komandalarının keçmiş baş məşqçisi Oqe Fritof Hareydeyə beyin xərçəngi diaqnozu qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu NRK-ya məlumat verib.
Məşqçinin oğlu bildirib ki, atasında xəstəliyin ilk əlamətləri 2025-ci ilin iyul ayında müşahidə olunub. Mütəxəssis futbol karyerasının bir hissəsini keçirdiyi "Molde" klubunun ulduzlarının matçında iştirak edib və bundan sonra ailəsi ilə birgə xəstəxanaya müraciət edib, orada həkimlər onda beyin xərçəngi aşkar ediblər.
"Onda beyin xərçəngi aşkarlanıb. Bu mənim və ailəmizin bütün üzvləri üçün şok oldu. O, danışa bilir, lakin nitqində qüsurlar var. Belə vəziyyət xəstəliyin və dərmanların birləşməsi nəticəsində yaranır", - deyə məşqçinin oğlu bildirib.
Hareyde Norveç, Danimarka və İslandiya milli komandaları ilə yanaşı, Norveçin "Molde", "Rosenborg" və "Vikinq", eləcə də Danimarkanın "Brondbyu", İsveçin "Helsinqborg", "Malmö" və "Örqryute" komandaları ilə çalışıb. Oyunçu karyerası dövründə o, Norveçin "Hödd" və "Molde" klublarının idman şərəfini qoruyub, həmçinin İngiltərədə "Mançester Siti" və "Norviç Siti"də də oynayıb.