Cüdo millimizin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” yarışında iştirak edəcəyi ilkin heyəti bəlli olub.
Oxu.Az xəbər verir ki, 5-7 mart tarixlərində keçiriləcək Olimpiadaya reytinq xalları verən yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunacaq. Bunlardan 10-u kişi, 3-ü qadın cüdoçudur.
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə”də yarışacaq millimizin heyəti ilə müqayisədə, Daşkənd turniri üçün heyətdə dəyişikliklər var. Məsələn, İsraildəki yarışın 73 kq çəki kateqoriyasında Rüstəm Orucova istirahət verildiyindən, Telman Vəliyev yarışacaq. Daşkənddə isə Rüstəm heyətdə öz yerini alacaq.
Əsas millimizin 81 kq-da debütantı Zelim Tskayevi bu dəfə daha təcrübəli olan Murad Fətiyev əvəzləyəcək. Özbəkistana 100 kq-da aparıcı idmançılarımız – Elmar Qasımovla Zelim Kotsoyev aparılmayacaq.
Bu çəkidə yalnız gənc Aslan Mirzəyev yarışacaq. 23 yaşlı idmançı gənclər arasında Azərbaycan çempionu, böyüklər arasında ölkə çempionatında isə ikiqat mükafatçıdır. 2016-cı ildə Praqada gənclər arasında Avropa Kubokunun gümüş, 2019-cu ildə Lüksemburqda keçirilən Avropa açıq çempionatının bürünc medalını qazanıb.
Qadın cüdoçuların heyətində dəyişiklik isə Gültac Məmmədəliyeva ilə bağlıdır. O, Daşkəndə aparılmayacaq deyə, 52 kq-da idmançımız olmayacaq. Əvəzində ən ağır çəkidə nəticə verən ukraynalı legionerimiz İrina Kindzerskaya mübarizə aparacaq.
Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Aslan Mirzəyev, Uşanqi Kokauri (hər ikisi +100 kq).
Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), İrina Kindzerskaya (+78 kq).
Yeri gəlmişkən, cüdo ilə bağlı onu da bildirək ki, martda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilməli olan Avropa Kuboku koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Səbuhi Musayev