Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 3-cü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin son görüşləri çərçivəsində Norveç - Fransa və Seneqal - İraq qarşılaşmaları baş tutub.
ABŞ-nin Foksboro şəhərində keçirilmiş oyunda Fransa millisi ikinci heyətlə meydana çıxmış Norveç yığmasından güclü olub - 4:1.
Fransızların qələbəsində əsas pay sahibi het-trikə imza atmış Usman Dembele olub. Komandanın digər qolunun müəllifi Dezire Duedir. Vikinqlərin yeganə qolunu isə Telo Osqor vurub.
Seneqal millisi Kanadanın Toronto şəhərində keçirilmiş görüşdə İraqı darmadağın edib - 5:0. Afrika təmsilçisindən Həbib Diarra, İsmaila Sarr, Pap Qeye (dubl) və İliman Ndiaye fərqləniblər.
Bu nəticələrdən sonra Fransa 9 xalla qrupu lider kimi başa vurub. 6 xala malik Norveç 2-ci olub. Seneqal 3 xalla 3-cü, heç bir xalı olmayan İraq isə sonuncu yeri tutub.
Qeyd edək ki, Norveç 1/16 final mərhələsində Kot-d'İvuarla qarşılaşacaq. Fransa millisinin rəqibi hələ müəyyənləşməyib.