Bağırsaq infeksiyası səbəbindən bir neçə məşqi buraxan İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 2026-cı il dünya çempionatının 1/4 final matçında oynaya biləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri komandanın baş məşqçisi Tomas Tuxelə istinadən məlumat verib.
"Bu, ən yaxşı xəbərdir. Bütün oyunçular məşq edirdilər və biz bundan çox məmnunuq. Diskvalifikasiya olunan Carrell Kuans istisna olmaqla, hər kəs oynamağa hazırdır. Son matçda biz irəliyə doğru böyük addım atdıq, amma bu, sadəcə bir addımdır. Növbəti addım 1/4 finalda qələbədir", - deyə Tuxel bildirib.
Komandanın əsas oyunçularından olan Deklan Rays bağırsaq infeksiyası səbəbindən komandadan təcrid olunmuşdu və bir neçə məşqi buraxmışdı. Onun həmçinin bud əzələləri və belin aşağı hissəsində də problemləri var idi.
Bundan əlavə, daha əvvəl müdafiəçilər Mark Qexi və Ris Ceymsin qarşıdakı matçda iştirakları sual altında idi, lakin ötən gün onlar komanda ilə birlikdə məşq ediblər.
Qeyd edək ki, İngiltərə və Norveç arasında 2026-cı il dünya çempionatının 1/4 final matçı iyulun 12-də, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.