İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhem futbola və Britaniya cəmiyyətinə xidmətlərinə görə rəsmən "Cəngavər" fəxri adına layiq görülüb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, iyulun əvvəlində Kral III Çarlzın doğum günü münasibətilə dövlət mükafatları laureatlarının siyahısında Bekhemin də adı olub.
Məlumata görə, noyabrın 4-də Berkşirdə keçirilən təntənəli mərasimdə futbolçuya "Cəngavər" fəxri adı təqdim olunub.
"Belə bir titula layiq olmağımla inanılmaz qürur duyuram. İnsanlar mənim necə vətənpərvər olduğumu bilirlər - mən ölkəmi sevirəm", - keçmiş futbolçu deyib.
Xatırladaq ki, 50 yaşlı Bekhem 2013-cü ildə futbolçu karyerasını başa vurub. O, "Mançester Yunayted", "Real Madrid", PSJ, "Milan" və "Los Anceles Qalaksi" kimi klublarda oynayıb. İngiltərə yığmasında 115 oyun keçirən Bekhem 6 il millidə kapitan olub.