26-28 martda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə ilin üçüncü “Böyük Dəbilqə” yarışında iştirak edəcək millimizin heyətinə əlavələr edilib.
Oxu.Az xəbər verir ki, orda beş yox, doqquz idmançı mübarizə aparacaq.
Belə ki, əvvəlki siyahıda adı olan Uşanqi Kokauridən (+100 kq) başqa, Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi -60 kq), Murad Fətiyev və Zelim Tskayev (hər ikisi -81 kq) də qonşu ölkəyə aparılacaq.
Qadınlarda isə əvvəl də bilindiyi kimi, Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi -52 kq) yarışacaq.
Bu idmançılardan Kəramət Hüseynov və Murad Fətiyevin Olimpiadaya getmək şansları mövcuddur. Onlar hazırda öz çəkiləri üzrə reytinqdə müvafiq olaraq 38-ci və 40-cıdır.
Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin bacısı oğludur.
Səbuhi Musayev