"Bu gün bizi meydanda dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinim cavab matçında "Ferentsvaroş"la görüşdən sonra "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
"Bütün Azərbaycan xalqını bu gözəl qələbə münasibətilə təbrik edirəm. Mən özüm də çox xoşbəxtəm, ikinci dəfə bu tarixi yaşadıq. UEFA Avropa Liqasının 1/8 final mərhələsində oynamışdım, amma UEFA Çempionlar Liqasında ilk dəfə çıxış edəcəyəm. Bu da mənim üçün çox xoş oldu və hədsiz qürurlu və xoşbəxtəm. Oyunun son dəqiqələri bizim üçün çox çətin idi. Kiçik bir səhvimizdə oyun uzatmalara gedə bilərdi. Rəqibimiz çox güclü idi. Amma şükürlər olsun ki, hər şeyə rəğmən növbəti mərhələyə biz keçdik".
Cəfərquliyev həmçinin Çempionlar Liqasının əsas mərhələsində qarşılaşmaq istədiyi komandanı açıqlayıb: "Rəqib kimi "Barselona"nı görmək istəyərəm".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə məğlub edərək əsas mərhələyə yüksəlib.
Anar Həsənov