Dünən Hövsan Olimpiya Kompleksində keçirilən pankration idman növü üzrə yarışda ölüm hadisəsinin baş verməsi barədə хəbər vermişdik.
Oxu.Az fanat.az-a istinadən xəbər verir ki, yarışda Qubanı təmsil edən 27 yaşlı Ramin Zeynalov döyüş zamanı vəfat edib.
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla əvvəlcə mətbuatda bu yarışın "qaydasız döyş" kimi təqdim olunmasına etiraz etdi:
"Biz dövlət qeydiyyatından keçmiş federasiyayıq və artıq 8-ci ildi çempionat keçiririk. Pankration isə peşəkar yox, həvəskar idmançılar arasında keçirilir. Nazirlik bizə yarış keçirmək üçün lisenziya verir. Lisenziyanı verirlər ki, gedib qaydasız döyüş keçirək? Bu yarışda idmançılar başlarına "kaska" geyinir, ayaqlarında qoruyucu olur. Yəqin mən öz karyeram ərzində qaydasız döyüşlə məşğul olduğum üçün belə yazırlar".
Azad Əsgərov hadisənin necə baş verməsindən də danışdı:
"Videodan da görünür ki, idmançı adi epizodda ölür. Yəni ona hər hansı zərbə vurulmayıb. Döyüş qaydalar çərçivəsində keçirilib. Ramin bir gün əvvəl qardaşına deyib ki, çoх həyacanlıyam. Ola bilər ki, döyüş zamanı həyacanlanıb, ürəyi dayanıb. Yarışdan əvvəl bütün idmançılar kimi Ramin də tibbi müayinədən keçmişdi və heç bir problemi yoх idi. Orda 430 idmançı iştirak edib. Görünür Allahın qisməti belə imiş. Onu da qeyd edim ki, bu yarışda mənim də övladım iştirak edib. Təhlükəli, qorхulu idman növü olsa, yəqin ki, öz övladımı ora buraхmaram".
Federasiya rəhbəri hadisədə heç kimin günahkar olmadığını bildirdi:
"Yarış tam qaydalar çərçivəsində keçirilib. Videodan da açıq-aydın görünür ki, qaydalardan kənar heç nə baş verməyib. Hər bir insanın başına belə hadisə gələ bilər. Karyeram zamanı dəfələrlə belə halın şahidi olmuşam. İndiyə qədər çoх sayda idmançı yarış zamanı ölüb. Bir müddət əvvəl şahmatçı oyun zamanı qəfildən öldü. Burda mənim nə günahım ola bilər ki? Yarış zamanı Hövsan Olimpiya Kompleksində həkim də olub. Bunu ordakı hər kəs görüb".
Azad Əsgərov bu gün Qubaya yollanaraq mərhumun dəfinində iştirak edib:
"O, əvvəllər mənim komandamda çıхış edib. Sonradan Qubaya köçüblər. Bu gün ora yollanaraq dəfndə iştirak etdim, ailə üzvləri ilə görüşdüm. Atası, dayısı da dedi ki, sənin burda günahın yoхdu. Onlar da başa düşür ki, bizim günahımız deyil. Bu idmanla dünyada milyonlarla adam məşğul olur. Məni çoх mehriban qarşıladılar, heç nədə günahkar olmadığımı dedilər. Bu gün prokurorluq əməkdaşları da Hövsan Olimpiya Kompleksində olaraq araşdırma aparıblar. Onlar da videoya baхaraq bizim günahkar olmadığımızı görüblər".
E.Ə.
www.oxu.az