Futbol üzrə Argentina yığmasının baş məşqçisi Eduardo Bauza istefaya göndərilib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya deyib.
“Biz razılaşmaya nail olduq və təsdiq edirik ki, Eduardo Bauza artıq futbol üzrə Argentina yığmasının baş məşqçisi deyil”, - Tapiya deyib.
Qeyd edək ki, Bauza 2016-cı ilin avqustunda Xerardo Martinonun yerinə gəlib. Əvvəllər Bauza Braziliyanın “San-Paulu”, Argentinanın “San-Lorenso” və digər klubları çalışdırıb. Karyerası ərzində o, 2 dəfə Libertadores kubokunun qalibi olub - Ekvadorun “LDU Kito” (2008) və Argentinanın “San-Lorenso” (2014) klubları ilə.
Eduardo Bauzanın rəhbərliyi altında Argentina yığması “Dünya çempionatı 2018” turnirinin seçmə mərhələsində 8 oyun keçirib. Oyunlardan 3-ü qalibiyyətlə, 3-ü məğlubiyyətlə, 2-si isə heç-heçə ilə yekunlaşıb. Argentina qrupda 14 oyundan sonra 22 xal ilə 5-ci yerdə qərarlaşıb. Qrupda 33 xal ilə Braziliya liderdir.
A.M.