Gənclər arasında şahmat üzrə Dünya çempionatının keçirildiyi Xantı-Mansiyskdə növbəti 9-cu tur baş tutub.
Oxu.Az xəbər verir ki, hər bir oyun mühüm məna kəsb edir və oyunçular boş yerə risk etməməyə çalışırlar.
Turnirin lideri Yan Kşiştof Duda rusiyalı şahmatçı Mixail Antipov ilə birinci lövhədə oynayıb.
Siciliya müdafiəsi variantı rəqiblərin heç birinə xal gətirmədi. Nəticə heç-heçə olub və Duda turnirə 7 xal ilə liderlik edir.
Qaralar ilə alman şahmatçısı Matias Blübauma qarşı oynayan Ülvi Bacaraninin oyunu daha gərgin keçib.
Ülvi tərəfindən qurulan holland müdafiəsi “daş divar” öz dayanıqlığını bir daha sübut etdi, kiçik üstünlük qələbə üçün kifayət etdi.
Liderlərin tərəddüdündən Nicat Abbasov məharətlə istifadə etdi. O, hollandiyalı şahmatçı Bencamin Boka ilə oyunda endşpildə üstünlük qazanaraq, Bacarani və Antipov ilə 6,5 xalla 2-4-cü yerləri bölüşür.
Sabah 10-cu turda birinci masalarda Duda-Abbasov və Bacarani-Antipov cütlükləri görüşəcək.
Cari turda Misrəddin İsgəndərov növbəti qələbəsini qazandı. Onun hücumunu belçikalı şahmatçı Conatan Van Layeken dəf edə bilməyib. Misrəddinin 5 xalı var.
Qızların arasında Jansay Abdulmalik öz liderliyini heç-heçələrin hesabına qoruyub saxlayır, onun 9 oyundan 8 xalı var.
Amma ona 7,5 xalı olan ukraynalı Natalya Buksa yaxınlaşıb.
Sabina İbrahimova iranlı Dorsa Derahşaniyə qalib gələrək 3-4-cü mövqeyə keçib. Onun 6,5 xalı var. Bu, ona Buksa ilə növbəti görüşdə uğur əldə edərsə yüksək yer vəd edir.
Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın hər birinin 5 xalı var. Aytən Əmrayeva da son görüşü heç-heçə ilə başa vurub, onun aktivində 4,5 xal var.