Gürcüstan futbol millisinin sabiq kapitanı Georgi Nemsadze 54 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat verib.
Keçmiş yarımmüdafiəçinin ölüm səbəbi açıqlanmayıb. Onun son iş yeri 17 yaşadək futbolçulardan ibarət Gürcüstan yığması olub. Nemsadze 2017-ci ildən komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında PSJ klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya da çıxış edib.
Futbolçu karyerası ərzində Nemsadze Gürcüstanın bir neçə klubunda, eləcə də İtaliyanın "Reccana", Almaniyanın "Homburq", İsveçrənin "Qrashoppers", Türkiyənin "Trabzonspor" və Şotlandiyanın "Dandi" komandalarında oynayıb.
Yarımmüdafiəçi Gürcüstan millisinin heyətində 69 oyun keçirib.