Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüb.
Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərov qazandırıb.
Digər təmsilçimiz Elmar Qasımov (-100 kq) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Oliver Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.
Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.