O, futbol meydanında qazandığı uğurlarla yanaşı, sərt xarakteri, qalmaqalları və unudulmaz hərəkətləri ilə də tarixə düşüb. Azarkeşə "kunq-fu" zərbəsi endirib, jurnalistlərə müəmmalı ifadələrlə cavab verib, 30 yaşında isə futbolçu karyerasını qəfil başa vurub. Söhbət "Kral Erik" ləqəbli Erik Kantonadan gedir.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə istedadı, xarakteri və qalmaqalları ilə futbol tarixində özünəməxsus yer tutan, azarkeşlərin "Kral Erik" adlandırdığı fransalı futbolçu Erik Kantonanı tanıyacağıq.
Futbolun sakit olmayan istedadı
Erik Daniel Pyer Kantona 24 may 1966-cı ildə Fransanın Marsel şəhərində anadan olub. Uşaqlıqdan futbola böyük maraq göstərən Kantona peşəkar karyerasına Fransada başlayıb. "Oser", "Monpelye", "Marsel" və "Nim" kimi klublarda çıxış edən hücumçu qısa müddətdə istedadı ilə diqqət çəkib.
Lakin onun haqqında danışarkən təkcə futbol bacarığını qeyd etmək kifayət deyil. Kantona meydanda olduğu kimi, meydandan kənarda da özünəməxsus xarakteri ilə seçilirdi. O, tez-tez məşqçilərlə, komanda yoldaşları ilə və futbol rəsmiləri ilə mübahisələr yaşayırdı. Sərt davranışları və intizamsızlığı bəzən onun istedadını kölgədə qoyurdu.
1991-ci ildə Fransa futbolundakı problemlərdən bezən Kantona hətta karyerasını başa vurduğunu açıqladı. Lakin bu qərarı uzun sürmədi. İngiltərəyə köçməsi onun həyatında yeni səhifə açdı.

"Lids"dən "Mançester Yunayted"ə uzanan yol
Kantona 1992-ci ildə "Lids Yunayted"ə qoşuldu. Komandanın İngiltərə çempionluğunda mühüm rol oynayan fransalı futbolçu cəmi bir neçə ay sonra daha böyük bir macəraya başladı.
1992-ci ilin noyabrında "Mançester Yunayted" onun transferini reallaşdırdı. Həmin vaxt Mançester təmsilçisi uzun illər idi ki, İngiltərə çempionluğuna həsrət qalmışdı. Kantona isə komandanın taleyini dəyişən əsas fiqurlardan birinə çevrildi.
Baş məşqçi Aleks Ferqyusonun rəhbərliyi altında fransalı futbolçu hücumların əsas təşkilatçılarından biri oldu. Texnikası, meydanı görmək bacarığı, ötürmələri və qol duyumu ilə seçilən Kantona azarkeşlərin sevimlisinə çevrildi.
Onun "Mançester Yunayted"dəki ilk mövsümündə komanda 26 illik çempionluq həsrətinə son qoydu. Sonrakı illərdə isə "qırmızı şeytanlar" İngiltərə futbolunda hökmranlıq etməyə başladı. Kantona 1992/1993-1996/1997 mövsümləri arasında dörd dəfə Premyer Liqanın qalibi oldu. Bundan əvvəl "Lids"lə də İngiltərə çempionluğu yaşamışdı.

Bir zərbə ilə dünyanı şoka saldı
Kantonanın həyatındakı ən qalmaqallı hadisə 1995-ci il yanvarın 25-də baş verdi. "Mançester Yunayted" səfərdə "Kristal Pelas"la qarşılaşırdı. Oyunun gedişində rəqib futbolçu Riçard Şouya qarşı kobud hərəkətinə görə qırmızı vərəqə alan fransalı meydanı tərk edərkən tribunadan təhqirlərə məruz qaldı.
Həmin vaxt azarkeş Metyu Simmonsla qarşıdurma yaşandı. Kantona gözlənilmədən tribunaya doğru hərəkət edərək ona "kunq-fu" zərbəsi endirdi, ardınca yumruqla da hücum etdi.
Bu görüntülər qısa müddətdə bütün dünyaya yayıldı. Futbol ictimaiyyəti baş verənlərdən şoka düşdü. Kantona İngiltərə Futbol Assosiasiyası tərəfindən səkkiz ay müddətinə futboldan uzaqlaşdırıldı. O, məhkəmədə hücum ittihamını qəbul etdi. Həbs cəzası isə apellyasiyadan sonra 120 saatlıq ictimai işlə əvəzləndi.
Hadisədən sonra keçirilən mətbuat konfransı futbol tarixinin ən müəmmalı açıqlamalarından biri ilə yadda qaldı. Jurnalistlərin suallarına cavab vermək əvəzinə Kantona belə dedi:
"Qağayılar balıqçı gəmisinin ardınca uçanda düşünürlər ki, dənizə sardina atılacaq".
Bu sözlərin arxasında hansı mənanın dayandığını soruşanlar çox olsa da, fransalı futbolçu sonradan açıqlamanı əvvəlcədən hazırlamadığını, sadəcə jurnalistlərə nəsə demək məcburiyyətində qaldığını etiraf edib.
Qayıdış və yeni çempionluqlar
Kantona üçün bu qalmaqal karyerasının sonu ola bilərdi. Lakin o, futbola qayıtdı və əvvəlki formasını bərpa etdi.
1995/1996 mövsümündə "Mançester Yunayted" həm İngiltərə çempionu oldu, həm də İngiltərə Kubokunu qazandı. Kantona finalda "Liverpul"a qarşı komandasının yeganə qolunu vuraraq kuboku Mançesterə apardı.
1996/1997 mövsümündə də Premyer Liqa çempionluğu yaşayan fransalı futbolçu komandanın kapitanı oldu. Beləliklə, o, İngiltərədəki son mövsümünü də titulla başa vurdu.

30 yaşında futbola vida
Kantona 1997-ci ilin mayında, cəmi 30 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqladı. Bu qərar futbol dünyası üçün gözlənilməz idi. Çünki o, hələ də yüksək səviyyədə çıxış edir və "Mançester Yunayted"in əsas oyunçularından biri sayılırdı.
Sonradan bu qərarının səbəbini də izah etdi. Kantona futbola olan həvəsini itirdiyi üçün karyerasını bitirdiyini bildirdi. O, hələ 22 yaşında verdiyi müsahibədə oyuna sevgisi bitəndə futboldan gedəcəyini söyləmişdi və həmin vaxtın gəldiyini düşünmüşdü.
Lakin futboldan uzaqlaşmaq onun üçün səhnədən çəkilmək demək deyildi. Kantona aktyorluğa maraq göstərməyə başladı və müxtəlif filmlərdə rol aldı. Həmçinin çimərlik futbolu ilə məşğul oldu, Fransa çimərlik futbolu millisində çıxış etdi.

Kralın mirası
Erik Kantona "Mançester Yunayted"də keçirdiyi beş mövsümdə 185 oyuna çıxaraq 82 qol vurub. Fransa milli komandasının heyətində isə 45 matçda iştirak edib və 20 dəfə fərqlənib.
Onun futbol tarixindəki yeri yalnız statistik göstəricilərlə ölçülmür. Kantona Aleks Ferqyusonun qurduğu böyük komandanın formalaşmasında mühüm rol oynayıb. İngiltərə Premyer Liqasının 1990-cı illərdəki inkişafında xüsusi iz qoyub.
Azarkeşlər onu "Kral Erik" adlandırıblar. O isə heç vaxt adi futbolçu olmaq istəməyib. Bəzən möhtəşəm qolları, bəzən meydandakı liderliyi, bəzən də qalmaqalları ilə gündəmə gəlib.
Kantona futboldan 30 yaşında getsə də, onun adı hələ də unudulmayıb. Çünki o, sadəcə top oynayan futbolçu deyil, öz xarakteri, davranışları və meydandakı fərqli üslubu ilə bütöv bir dövrün simasına çevrilib.
