“22 iyun – 3 iyul tarixlərində keçirilməli olan atıcılıq üzrə Dünya Kubokunun Bakı mərhələsinin ləğvindən sonra sentyabradək Azərbaycanda heç bir yarış gözlənilmir. Ümumiyyətlə, 2020-ci ilin sonunadək Bakıda hər hansı yarışın təşkil olunacağı ehtimal edilmir”.
Bunu Oxu.Az-a Olimpiya Oyunları və dünya birinciliklərinin üçqat mükafatçısı, atıcılıq üzrə yığmamızın baş məşqçisi İradə Aşumova deyib.
O, açıq havada idman yarışlarına icazə verildiyindən, yığmamızın üzvlərinin məşqlərə başladığını bildirib:
“İyunun 2-dən Ruslan Lunyov, Nigar Bağırova və gənc idmançılarımızdan bəziləri açıq havada 25 metr məsafəyə atəşaçma məşqləri edirlər. Amma zallar bağlı olduğundan, pnevmatik tapança ilə 10 metr məsafədən atəşaçma məşqi etmək mümkün deyil”.
62 yaşlı İ.Aşumova oğlu, IV İslam Həmrəyliyi Oyunlarının atıcılığın beş növündə qalibi Ruslan Lunyova 9-11 oktyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa Kubokundan dəvət gəldiyini bildirib:
“Nazirliyə hələ ki, yeni yarışa getməyimizlə bağlı müraciət etməmişik. Onsuz da yarışlar təxirə salınıb. Amma Ruslana Portuqaliyada keçiriləcək Avropa Kubokunun final mərhələsinə dəvət gəlib. Oğlum iki il ardıcıl olaraq bu turnirin qalibidir. 14 idmançı yığılsa, yarış keçirilməlidir. Ruslan da, sərhədlər açılsa, gedəcəyini təsdiqləyib”.

İradə Aşumova Polşanın Vrotsvav şəhərində ikiqat olimpiya çempionu Yozef Zapendzkinin şərəfinə keçirilən VIII Qran Pri turnirində (9-15 mart) oğlu Ruslan Lunyov və əri Vladimir Lunyovun başına gələnlərdən də danışıb:
“Ruslan sonuncu dəfə martın əvvəlində yarışa çıxıb. Lakin Polşadakı yarış yarımçıq dayandırıldı. Heç Ruslanın nəticəsini də öyrənə bilmədik.
Yarış martın 15-i başa çatmalı olsa da, 13 martda koronavirusa görə dayandırıldı. Oğlum və onun şəxsi məşqçisi Vladimir Lunyov Almaniyaya getmək istəsələr də, bu ölkə uçuşları qəbul etmədiyini bildirdi. Halbuki, ayın 21-nə biletləri vardı. Türkiyəyə bilet almaq istədilər, bu ölkə də sərhədlərini bağladı.
Nəhayət, Praqaya, oradan Moskvaya, Rusiyanın paytaxtından isə Bakıya gəldilər. Amma onları Bakıda hava limanında dörd saat saxladılar. Oğlum zəng vurdu ki, bizi Masallıya karantinə aparırlar. Dedim, sizə yaxşı yol (gülür). Martın 21-də zəng vurdular ki, karantindən tez buraxılmışıq, taksiyə minib gəlirik. Taksini Qobustanda dəyişməklə, tranzitlə gəldilər (gülür). Çünki o vaxt rayon maşınlarını Bakıya buraxmırdılar”.
Səbuhi Musayev