Ukraynanın “Krayna” nəşrinin müəllifi Nikolay Nesenyuk öz məqaləsində “Şaxtyor” və Ağdamın “Qarabağ” futbol klublarını müqayisə edib, belə ki, hər iki komanda təmsil etdiyi şəhərlərdən kənarda oynamağa məcburdurlar.
“Hər bir insan ilkin cinsi əlamətlərlə doğulur. Bu əlamətlərin sayəsində dünyaya qız və ya oğlan uşağının gəldiyi müəyyənləşdirilir. İkinci dərəcəli əlamətlər də var.
Onlar cinsi yetkinlik çağında meydana çıxır. İstisnalar mövcuddur: oğlan doğulandan sonra qadın və ya əksinə də ola bilər. İnsanlar arasında həmçinin hermofroditlər də var, yəni insan eyni zamanda, həm qadın, həm də kişi olur”- Oxu.Az müəllifin sözlərindən sitat gətirir.
Donetskin “Şaxtyor” futbol komandası “dünyaya gələrkən” Ukrayna komandasının əlamətlərinə məxsus idi. Komandanın Ukraynada yaradılması və Ukrayna şəhərinin şərəfini qorumaq üçün meydana çıxması SSRİ zamanı kifayət idi.
Müstəqillik dövründə bizim futbol komandalarımız ikinci dərəcəli milliyyət əlamətləri qazanmağa başladılar, onlar Ukrayna yığmasının əsasını təşkil edərək dövlətimizi Avropa klub turnirlərində təmsil etməyə başladılar.
Məhz bu zamandan etibarən “Şaxtyor” ilə nə isə qeyri-adi şeylər baş verməyə başladı. Bığ saxlamaq əvəzinə dodaq boyayan oğlan kimi, Donetsk klubu özünü bütün futbol Ukraynasına qarşı qoymağa başladı.
Onun spikerinin çoxsaylı “başqa çempionata keçmək” barədə “təhdidlərini” xatırlamaq, Rusiya ilə ümumi çempionat layihəsinin müzakirələri zamanı Donetsk fəallarının canfəşanlığını nəzərdən keçirmək olar.
Sülh dövründə bütün bunlara fikir verməmək olardı. Amma vətəni təcavüzkarlardan müdafiə zamanı gəldikdə hər kəs öz mövqeyini müəyyənləşdirməlidir. Dünyada təmsil etdiyi şəhərdə oynamaqdan məhrum olan futbol komandaları mövcuddur, onların sayı heç də az deyil. Elə Azərbaycanın işğal edilmiş ərazisindən, aşkar vətənpərvərlik layihəsi olan “Qarabağ” komandasını götürək. Donetsk “Şaxtyor”u bu gün nə layihəsidir?
Donetskin işğalından 1 il yarım keçməsinə baxmayaraq, klub nümayəndələrinin dilindən işğalçıları qınayacaq bir kəlmə də çıxmayıb.
Əksinə, klubun fəallarının simasında Ukraynaya aid olan heç nə xoş gəlmir. İndiki “Şaxtyor”da Ukrayna klubuna məxsus ikinci dərəcəli əlamətlər yoxdur.
Milli yarışlarda və Avropa kuboklarında Ukrayna adından çıxışlar, vəssalam... Qalan hər şeydə Ukrayna deyil, digər futbol klubunun əlamətlərinə sahibik. Məhz hansı? Zamanla insanın cinsini xarici görünüşünə görə müəyyənləşdirmək bir qədər çətin olur, hətta bəzən özü deməyincə mümkün olmur.
“Şaxtyor”un da həmçinin artıq özünü futbol hermofroditi kimi göstərməsi lazım deyil. Ya klub özü kimə məxsus olduğunu seçməlidir, ya da bunu onun əvəzinə həyat edəcək”.
F.H.
www.oxu.az