17 yaşlı Lamin Yamalın sürətli yüksəlişi Robert Levandovski ilə yanaşı digər veteran futbolçuların narahatlığına səbəb olub.
Oxu.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın soyunub-geyinmə otağında 17 yaşlı vinger Lamin Yamalla bağlı kifayət qədər həssas vəziyyət yaranıb .
Bu yay vunderkindin 18 yaşı tamam olacaq, bundan sonra onun klubla razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş peşəkar müqaviləsi qüvvəyə minəcək. Yamal ilkin əmək müqaviləsi əsasında oynayır və ildə 3 milyon avro maaş alır. Lamin həddi-büluğa çatandan sonra isə göstərdiyi nəticəyə uyğun olaraq yeni maaş alacaq.
Bu səbəbdən də Yamalın "Barselona"da ən çox maaş alan oyunçu olacağı gözlənilir.
Onun maaşının 35 milyon avro ilə 40 milyon avro arasında olacağı gözlənilir ki, bu da klubda hazırda ən çox qazanan polşalı Robert Levandovskinin maaşından çoxdur.
Bu amil artıq "Barselona"nın soyunub-geyinmə otağındakı bəzi futbolçuları, xüsusən də komandanın veteranlarını narahat etməyə başlayıb. Onlar maaş balansının pozulacağına inanır və belə bir gənc oyunçuya qarşı bu cür güzəştli davranmasının doğru olmadığını düşünürlər.