Dünya futbolunun tanınmış simalarından olan Luka Modriç "Milan" klubu ilə müqavilə müddətini uzatma qərarının pərdəarxası məqamlarına aydınlıq gətirib.
Oxu.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı təcrübəli xorvatiyalı yarımmüdafiəçi "rossonerilər"in heyətində əsas hədəfinin çempionluq yaşamaq olduğunu vurğulayıb:
"Milan"la titul qazanmaq hər zaman ən böyük arzum olub. Mən bu kluba sadəcə əylənmək deyil, böyük uğurlara imza atmaq üçün gəlmişəm. Əsas məqsədim "Milan"la birlikdə Skudettoya və ya digər nüfuzlu kuboklara yiyələnməkdir. Mənim qarşıma qoyduğum missiya məhz budur.
Müqaviləmi yeniləmək barədə heç bir zaman tərəddüd yaşamadım. Əslində, bu addımı hələ dekabr ayında da ata bilərdim. Lakin bədənimin bu gərginliyə necə reaksiya verəcəyini, içimdəki futbol ehtirasının və qətiyyətimin eyni səviyyədə qalıb-qalmadığını yoxlamaq qərarına gəldim".
Xatırladaq ki, Modriç yola saldığımız mövsüm ərzində "Milan" forması ilə 37 qarşılaşmada meydana çıxaraq, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.