"Mançester Siti"nin həyata keçirdiyi maliyyə maxinasiyaları səbəbindən Londonun "Tottenhem" klubunun təqribən 119.9 milyon funt sterlinq itirdiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti"ni 2009-2018-ci illər aralığında kommersiya müqavilələrinin dəyərini süni şəkildə artırmaqda və heyət xərclərini gizlətməkdə təqsirkar bilib. Klubların ehtimal edilən maliyyə itkiləri hesablanarkən, digər yerli turnirlər və avrokuboklarda əldən verilmiş mükafat fondları, eləcə də Premyer Liqadan kənarlaşdırılmanın nəticələri nəzərə alınıb.
Qeyd olunan dövr ərzində "Tottenhem" dörd dəfə UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə verən zonanın bir addımlığında qərarlaşıb, həmin vaxt isə "Mançester Siti" ən nüfuzlu avrokubok turnirinə vəsiqə qazanıb. ÇL-ə düşəcəyi təqdirdə "Tottenhem" ən azı 148.2 milyon funt sterlinq gəlir əldə edəcəkdi, lakin London təmsilçisi 2009-2018-ci illərdə Avropa Liqasındakı çıxışlarına görə cəmi 29.9 milyon funt sterlinq qazanıb.
"Mançester Siti" təqsirkar bilindikdən sonra "Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino belə bir bəyanatla çıxış edib: "Biz aldadıldığımız bir dövr yaşadıq. Heç bir cəza törədilən əməlləri düzəldə bilməz".
Qeyd edək ki, Poçettinonun rəhbərliyi altında "Tottenhem" yalnız bir dəfə ÇL-dən kənarda qalmışdı. "Mançester Siti"nin fırıldaqları dövründə "Tottenhem"dən başqa daha dörd komanda mövsümü ÇL zonasının bir addımlığında başa vurub. Bu turnirdə iştirak isə təkcə böyük məbləğdə mükafatları təmin etmir, həm də klubların sponsorluq müqavilələrinə ciddi təsir göstərir. 2017/18 mövsümündə "Çelsi" beşinci yeri tutmuşdu. Həmin mövsüm "Mançester Siti" ÇL-də 1/4 finala çıxaraq 79.2 milyon funt sterlinq, "Çelsi" isə UEFA Avropa Liqasında (AL) qalib gələrək 39.4 milyon funt sterlinq qazanıb. Londonluların qazandığı mükafat fondu ÇL-də iştiraka görə verilən bənzər göstəriciləri üstələyir.
2015/16 mövsümünü beşinci pillədə başa vuran "Mançester Yunayted" də AL-in qalibi olaraq 37.8 milyon funt sterlinq əldə etmişdi. Bu məbləğ "Mançester Siti"nin ÇL-in 1/16 finalına çıxmaqla qazandığı vəsaitdən (42.6 milyon funt sterlinq) bir qədər azdır. "Everton" (2013/14 mövsümündə) və "Arsenal" da (2016/17) hədəflədikləri zonadan bir pillə geridə (beşinci yer) qalaraq on milyonlarla funt sterlinqdən məhrum olublar.
BBC-nin qiymətləndirməsinə əsasən, maxinasiyalar nəticəsində ümumilikdə 35-dən çox klub zərər çəkib. İtirilmiş gəlirlərə görə ilk beşliyə "Tottenhem"lə yanaşı "Hall Siti" (99 milyon funt sterlinq), "Everton" (66.4 milyon funt sterlinq), "Suonsi Siti" (63.1 milyon funt sterlinq) və "Nyukasl Yunayted" (60.5 milyon funt sterlinq) daxildir. Klublara dəyən ümumi ziyan 844 milyon funt sterlinq həcmində qiymətləndirilir: 188.2 milyon funt sterlinq - Premyer Liqadan alınmayan mükafat ödənişləri, 349.7 milyon funt sterlinq - yüksək liqadan kənarlaşdırılmanın fəsadları, 217.8 milyon funt sterlinq - ÇL-də iştirakdan əldə edilməyən mükafatlar, 88.3 milyon funt sterlinq - ölkə kuboklarında irəliləmək və AL-də iştirakdan daxil olmayan vəsait.