Əfsanəvi boksçu Mayk Tayson boksdan getmək niyyətində deyil.
Oxu.Az-ın verdiyi məlumata görə, o, bloqer Ceyk Pola məğlub olduqdan sonra "Netflix" efirində bunu bəyan edib.
Jurnalist ondan Pola qarşı döyüşünün sonuncu olub-olmadığını soruşub.
"Mən belə düşünmürəm. Hər şey vəziyyətdən asılı olacaq. Bəlkə də onun qardaşını döyüşə çağıracağam", - deyə Tayson Ceyk Polun qardaşı Loqan Pola baxaraq deyib.
Loqan Pol isə dərhal Taysona cavab verib:
"Lənət olsun, mən səni öldürəcəyəm, Mayk".
Tayson həmçinin döyüşdən məmnun olduğunu əlavə edib.
"Çətin döyüş idi, Ceyk yaxşı döyüşçüdür, tamaşaçıların hörmətinə tamamilə layiqdir", - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün super ağır çəki kateqoriyasında keçmiş mütləq dünya çempionu 58 yaşlı Tayson 27 yaşlı amerikalı bloqer Ceyk Pola qarşı boks döyüşündə məğlub olub. "AT&T Stadium"da (ABŞ, Texas ştatı, Arlinqton) keçirilən döyüş səkkiz raund davam edib və Pol hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Bu görüş dünyanın ən bahalı döyüşü olaraq tarixə düşüb. Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.
Rəylər