"Mercedes" komandası "Formula-1" üzrə Meksika Qran-prisindən sonra pilot Corc Rassellin media nümayəndələri ilə ünsiyyətdən imtina etməsinə görə cərimələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti açıqlama yayıb.
Araşdırmanın nəticələrinə əsasən, komanda 5 min avro məbləğində cərimə olunub.
İdman reqlamentinə görə, pilotlar yarış başa çatdıqdan sonra televiziya müsahibələri və yazılı jurnalistlərlə təmas üçün media zonasına getməlidirlər.
"Mercedes" təmsilçiləri əvvəlcədən jurnalistlərə Rassellin bu prosesdə iştirak etməyəcəyini bildirsələr də, tibbi səbəblər kimi istisna hallar üçün FIA-dan rəsmi icazə almayıblar.