“I MDB Oyunlarında güləş komandamız 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazandı. Bu, yaxşı nəticədir və gələcək üçün yaxşı perspektiv vəd edir. Kazanda 6 dəfə himnimizin səslənməsi və 16 dəfə bayrağımızın yüksəldilməsi 23 yaşadək güləşçilərimizin gələcəkdə böyükləri layiqincə əvəz edəcəyini bildirir”.
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev deyib.
Bu gün Tatarıstanın paytaxtı Kazanda keçirilən MDB Oyunlarında 16 medal qazanan gənc güləşçilərimiz Bakıya qayıdıb. Onlar güləş ictimaiyyəti tərəfindən qarşılanıb.
Hava limanına gələnlər arasında həm də sərbəst güləş üzrə millimizin baş məşqçisi olan Namiq Abdullayev də olub. Olimpiya çempionu bu barədə fikirlərini bildirərkən qeyd edib ki, gələcək yarışlarda bu gənclər böyüklərin yarışlarında sınanılacaq:
“Bildiyiniz kimi, oktyabrda Norveçin paytaxtı Osloda dünya çempionatı var. Bundan əvvəl – sentyabrın 13-dən Bakıdakı bazamızda təlim-məşq toplanışı keçəcəyik. Ora bu gənclərdən də dəvət edəcəyik. Həmin dünya çempionatında 70-80 faiz bu gənclərdən ibarət heyət gedəcək.
Bilirsiniz ki, 65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyevin gözündə yenidən problem yaranıb. Həmçinin Olimpiya Oyunlarından sonra Şərif Şərifov çiynindən zədə alıb. Artıq Hacının özü də vurğulayıb ki, bu, dünya çempionatında çıxış etməyəcək. Hacı və Şərifi qarşıdakı yarışda məhz gənclər əvəzləyəcək. Hansı gənc hazır olacaqsa, onlar dünya çempionatına aparılacaq. Buna məşqçilər heyəti və federasiya rəhbərliyi qərar verəcək”.
Qeyd edək ki, MDB Oyunlarında yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc və qız güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.
Səbuhi Musayev
Foto: Tapdıq Abdullayev