Sərbəst güləş üzrə Dünya çempionu Oleq Krapivinin şərəfinə 3-cü Respublika turniri keçirilib. Açılışda Namiq Abdullayev, Tofiq Eyvazov iştirak edib, turnir haqqında öz fikirlərini söyləyiblər.
Oxu.Az xəbər verir ki, Oleq Krapivin 29 sentyabr 1960-cı ildə Azərbaycanın qədim şəhəri Şamaxının Şəhriyar qəsəbəsində anadan olub. O, kiçik yaşlarından tərbiyəsi və davranışı ilə həmyaşıdlarına nümunə olub. Dərsdən kənar vaxtlarda o, idman klubuna gələr, saatlarla idmançıların məşqlərinə tamaşa edərdi.
Bir müddətdən sonra Oleqgilin ailəsi Bakının Sabunçu, sonralar isə Bakıxanov qəsəbəsinə köçür. Oleq idmana bütün varlığı ilə bağlandığı üçün təhsilini davam etdirməklə yanaşı, sərbəst güləşlə də məşğul olur. O, tanınmış idmançı, Azərbaycan güləşinin inkişafında əvəzsiz rol oynamış SSRİ idman ustası Oqtay Hüseynovun qrupunda məşq edir. Gənclər arasında Respublika yarışlarında Oleq Azərbaycan çempionu adına layiq görülür.
2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu adını qazanır. Bu, yüksək göstəricilərinə görə o, respublika rəhbərliyinin mükafatına layiq görülür.
Oleq yaşadığı ölkənin paytaxtı Kiyev şəhərində azərbaycanlı uşaqlar üçün “Bazar günü məktəbi” təşkil etmiş, eyni zamanda uşaqların fiziki cəhətdən sağlam böyüməsi üçün idman kompleksi tikdirmişdir. “Vətən” adlı Azərbaycan milli vokal-rəqs ansamblı yaratmaq isə onun ən böyük arzularından biri idi.
28-30 sentyabr Şamaxı şəhərində Oleq Krapivinin şərəfinə turnir baş tutdu.
Turnir təşkilatçılarının üzvü idman ustası Vüqar Abdullayev idi.
- Turnir ilk dəfədir keçirilir? Neçə iştirakçı var? Hansı bölgələrdən daha çox uşaq gəlib?
“Bu turnir artıq ənənə halını alıb, 260-dan çox iştirakçı, yəni idmançı var. Bütün regionlardan uşaqlar gəlib: Şamaxı, Salyan, Bakı, Cəlilabad, Quba, Qusar, Lənkəran, Göyçay və s.. Artıq bu, 3-cü turnirdir ki, Şamaxı şəhərində keçirilir. Çox yaxşı bir təşəbbüsdür, güləşin inkişafı, uşaqların bu idman növünə olan marağı müsbət haldır. Bu gün artıq baxırıq ki, nə qədər talantlı uşaqlarımız var. Bugünkü turnirdə ilk olaraq Heydər Əliyevin məzarını ziyarət etdik, daha sonra isə turnirin açılışı oldu.
Bu gün turnirdə 2001-2003 təvəllüdlü uşaqlar iştirak edir, onlar 3-cü yer uğrunda mübarizə aparırlar. Qaliblərə kubok, medal və prizlər təqdim olundu”.
Ruslan Krapivin (Oleq Krapivinin oğlu):
“Bu gün atamın şərəfinə turnir keçirilir. Artıq 3-cü turnirdir ki, Şamaxı şəhərində keçirilir. Yarışla bağlı təəssüratım çox gözəldir. Uşaqların güləş idman növünə olan marağı, istəyi, əzmi məni heyrətləndirir. Mən özüm də idmanla məşğulam, ancaq atam qədər talantlı ola bilmərəm. Mən bu gün fəxr edirəm ki, bu möhtəşəm turnir məhz atamın adı ilə bağlıdır”.
Firdovsi Umudov güləş üzrə yığma komandanın böyük məşqçisidir, “Şöhrət” ordeni ilə təltif edilib və 2012-ci ildə sərbəst güləş üzrə dünyanın ən yaxşı məşqçisi seçilib:
“Bu gün Azərbaycanda güləşə belə diqqət olması sevindirici haldır. İstər gənclər, istər yeniyetmələrin uğuru bizim uğurumuzdur. Bu gün Oleq Krapivinin şərəfinə olan turnir keçirilir, belə turnirlərin olması gənclərin idmanda inkişafı üçün başlıca amildir. Onlara vətənpərvər olmağı, ölkəsini, vətənini sevməyi aşılamalıyıq, hər şey məktəbdən başlayır. İdman tərbiyədir. Belə turnirlər olsa inkişaf da olar.
Bu turnirdə əziyyəti olan hər bir kəsə təşəkkür edirəm”.
Nərmin Kazımova
www.oxu.az