26-28 iyun tarixlərində Çinin Sindao şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda ölkənin 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Maraqlı məqam Azərbaycanın olimpiya çempionu Hidayət Heydərovun bu Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparmasıdır. Belə ki, indiyə qədər bütün yarışlarda 73 kiloqram çəkidə yarışan olimpiya çempionu çəkisini sala bilmədiyi üçün 81 kiloqramda çıxış edəcək.
Qadınlar arasında yarışda Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) çıxış edəcəklər.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.