"Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın hədəfi ilk sıralarda yer almaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev deyib.
O bildirib ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq:
"Ümumilikdə 1 100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq. Hədəf ən yüksək yerləri tutmaq olmalıdır. Bu yaş keçid dövrüdür. İlk növbədə güləşçinin sağlamlığı önəmlidir. Hədəf ilk sıralarda yer almaqdır, amma bizim üçün prioritet deyil. İdmançıları yuxarı yaş qruplarına hazırlamağa daha çox diqqət yetiririk. Qarşılaşdığın istənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan.
Lakin idmanın ayrılmaz bir parçası odur ki, sən məğlub da ola bilirsən və uduzduğun zaman təəssüf hissi keçirirsən".