Azərbaycan Premyer Liqasında XXV turun oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün daha iki matç keçirilib.
Autsayderlər “Səbail”lə “Sumqayıt” birincilərin meydanında üz-üzə gəliblər. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Terens Tisdel 90+7-ci dəqiqədə penaltidən vurub.
Bu qələbə ilə xallarını 21-ə çatdıran “Sumqayıt” “Kəpəz” və “Şamaxı”nı geridə qoyaraq 7-ci pilləyə yüksəlib. “Səbail” 17 xalla sonuncu 10-cudur.
Günün digər qarşılaşmasında “Sabah” “Kəpəz”i sınağa çəkib. Gəncədəki ikinci dövrə qarşılaşmasında heç-heçə (2:2) ilə barışan bakılılar bu dəfə sensasiyaya imkan verməyiblər. Paytaxt təmsilçisi 3 xalı 2 qolla qazanıb. “Futuristlər”ə qələbə qazandıran topları 40-cı və 90+4-cü dəqiqələrdə Aleksey İsayev vurub.
Xallarını 56-ya yüksəldən “Sabah” ikinci pillədə möhkəmlənib. 3-cü “Neftçi”ni 7 xal üstələyən komanda lider “Qarabağ”ın 6 addım gerisindədir. “Kəpəz” isə 20 xalla 8-ci yerdədir.
“Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXV tur
“Səbail” - “Sumqayıt” – 0:1
Qol: Terrens Tisdel, 90+7 (pen.)
Qırmızı vərəqə: Qustavo de Fransa, 63 (“Səbail”)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Sabah” - “Kəpəz” – 2:0
Qollar: Aleksey İsayev, 40, 90+4
Qırmızı vərəqələr: Anatoli Nuriyev, 90+6 (“Sabah”) – Abdullahi Şuaybu, 17 (“Kəpəz”)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
09:56
Azərbaycan Premyer Liqasında XXV turun oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün daha iki matç keçiriləcək.
Autsayderlər “Səbail”lə “Sumqayıt” birincilərin meydanında üz-üzə gələcəklər. Şahin Diniyevin komandası öz meydanında qalib gəlməklə sonuncu pillədən qurtulmaq niyyətindədir. Hazırda aktivində 17 xalı olan “Səbail” rəqibindən cəmi 1 xal geri qalır.
Günün digər qarşılaşmasında “Sabah” “Kəpəz”i sınağa çəkəcək. Gəncədəki ikinci dövrə qarşılaşmasında heç-heçə (2:2) ilə barışan bakılılar bu dəfə sensasiyaya imkan vermək istəmirlər. “Kəpəz” isə həm güclü rəqibini yenə büdrətməyə, həm də çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq. “Sabah” 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıbsa, “Kəpəz” 20 xalla yeddinci sıradadır.
Qeyd edək ki, “Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.
Premyer Liqa
XXV tur
4 mart (şənbə)
16:00. “Səbail” - “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASCO Arena”
18:30. “Sabah” - “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”