Millimizin futbolçuları - Kamran Ağayevlə Qara Qarayev bu gün "Azərsun Arena"da mətbuat konfransına çıxıblar.
Oxu.Az hər iki futbolçunun konfransda səsləndirdiyi fikirləri təqdim edir.
Kamran Ağayev: "Əlimizdən gələni edəcəyik. Məşqçi öz tapşırıqlarını verib. Rəqib haqda məlumatımız var. Biz məşqçinin verdiyi tapşırıqları yerinə yetirsək, yaxşı nəticəyə imza atacağıq".
Qara Qarayev: "Sabah idman şansı biz tərəfdə olsa, yaxşı nəticə qazana bilərik. Millətlər Liqası fərqli turnirdir. Yeni bir turnir olaraq yaxşı nəticə göstərmək istəyirik. AÇ-2020-nin Bakıda keçirilməsi də bizə bu turnirin qalibi olmaq üçün motivasiya verəcək. Mən "Qarabağ"ın oyunundan sonra dediyim fikirlərin üstündə qalıram. Yenə də deyirəm ki, azarkeşlər bizi tək qoymamalıdır".
Sonda Kamran Ağayevə meyxana ilə bağlı verilən suala baş məşqçi Qurban Qurbanov belə cavab verib: "Kamran artıq meyxanadan uzaqlaşır. O, diqqətini futbola ayırır".
Qeyd edək ki, millimiz sabah Millətlər Liqasında ilk oyununu Kosovoya qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.
Səbuhi MUSAYEV
www.oxu.az