“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burada olduğuma görə xoşbəxtəm. Türkiyə yığmasını təbrik etmək istəyirəm. Avropa çempionatına yüksəliblər. Sabah yaxşı oynamağa, Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq. Onlara çətinliklər yaratmağımız rəqibin də AVRO-2020-də işinə yaraya bilər”.
Oxu.Az xəbər verir ki, bunu bu gün futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi bildirib.
İtaliyalı məşqçi Türkiyə millisinin Bakıda AVRO-2020 çərçivəsində İtaliya ilə oyunundan danışıb:
“Roberto Mançininin gəlişindən sonra İtaliya yığması yaxşı çıxış edir. Türkiyə yığmasının da sükanı arxasında Şenol Günəş kimi təcrübəli mütəxəssis olacaq. Maraqlı oyun olacağını düşünürəm”.
Millimizin və “Qarabağ”ın futbolçusu Qara Qarayev də Türkiyə haqda xoş sözlər söyləyib:
“Türkiyə Futbol Federasiyasından və yerli vətəndaşlardan böyük diqqət görürük. Buna görə Türkiyə millətinə təşəkkür və vəfa borcumuz var. Bu, yoldaşlıq yox, qardaşlıq matçıdır. Nəticəsi necə olur-olsun sabah uduzmayacağıq. İstənilən halda qardaşlıq qazanacaq. Türkiyə millisi barədə ən yaxşı sözləri deməliyəm. Belə böyük turnirlərdə bütün Azərbaycan xalqı Türkiyəni dəstəkləyir. Bizimlə görüşdən sonrakı matçlarda futbol bəxtinin yanlarında olmasını istəyirəm. Bu komandada istək, aqressivlik və güclü baş məşqçi var. Hazırkı Türkiyə daha gənc oyunçulardan formalaşıb. Sabah stressiz oyun olacaq. Bu, mənəvi bağlarımızı daha da möhkəmləndirəcək. Hər zaman Türkiyənin yanındayıq”.
Qarayev AVRO-2020-də Uels və İsveçrə ilə Bakıdakı qrup matçlarında bütün Azərbaycanın Türkiyə yığmasına dəstək olacağını söyləyib: “Bunu deməyə ehtiyac yoxdur. İstər assosiasiya, istər klublarımız, istərsə də bütün vətəndaşlarımız Türkiyənin yanında olacaq. Görüşün Bakıda keçirilməsi heç nəyi dəyişmir. Dünyanın harasında olur-olsun, biz Türkiyə azarkeşiyik. İnşallah, komanda qrupdan çıxar, biz də buna sevinərik”.
Qeyd edək ki, Türkiyə millisi 11 iyun – 11 iyul tarixində keçiriləcək AVRO-2020 öncəsi ilk yoxlama oyununu sabah Azərbaycan millisinə qarşı keçirəcək. Matç Antalyanın Alanya bölgəsinin “Oba” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Səbuhi Musayev