Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam klubu ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxacaq.
Oxu.Az bu barədə APA-ya istinadla xəbər verir.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gələcək. Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridir. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
London. “Stemford Bric” stadionu
A.S.
www.oxu.az