"İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Olimpiadadakı idmançılarımıza uğurlar arzulayıram".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Linkoln"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Komandamı təbrik edirəm. Bu gün nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram. Bilirsiniz ki, əvvəllər fikrimiz daha çox Avropa oyunlarında olub. Ancaq çalışacağıq ki, bu il ölkə çempionatına da ciddi hazırlaşaq. Görünür ki, maraqlı mövsüm olacaq. Fərqli məşqçilər, fərqli rəqiblər... Çempionlar Liqasına isə ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji baxımdan hazırlıqlıdırlar. İldən-ilə uğurlar əldə etdikcə təcrübə də çoxalır. Üstünlüklər çoxdur".
Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə də rəqibini 5:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.
Anar Həsənov