Gəlişimdən sonra ilk rəsmi oyunumdur. İnanıram ki, komandam gözəl oyun göstərəcək. Biz Kosovonun son 3 oyununa baxmışıq.
Oxu.Az xəbər verir ki, bunu millimizin baş məşqçisi Qurban Qurbanov deyib.
O, sabah Millətlər Liqasında Kosovoya qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirib:
“Bu komanda üzərində qələbəyə əngəl öz oyunumuz ola bilər. Məni ən çox düşündürən məsələ futbolçuların oyun təcrübəsinin olmamasıdır. Məsələn, Araz Abdullayev və Ramil Şeydayev. Ancaq oyunçularım çox istəklidir. Məhz bu istək hesabına rəqib üzərində qələbə qazanmağa çalışacağıq.
Kosovonun futbolçuları Avropada oynayır. Ancaq sabah fərdi futbolçu keyfiyyətlərindən çox, komanda oyunu əsas rol oynayacaq.
Rəqib komandanın baş məşqçisinin bizim haqda dediyi xoş sözlərin oyunçularımıza təsir etməyəcəyini düşünmürəm. Sabah heyətdə məcburi rotasiyaya əl atacağıq.
Rəqib çox aqressiv komandadır. Hücumlar etməyi bacarır. Ümumiyyətlə, oyunöncəsi taktiki planlarımız barədə danışmağı sevmirəm.
Heyət baxımından Kosovo bu qrupun favoriti kimi görünür. Amma hamımız yaxşı nəticəyə köklənmişik. Həmçinin qrupdan çıxmasaq, faciə olacaq kimi fikirləri də yaxına buraxmamalıyıq”.
Səbuhi MUSAYEV
www.oxu.az