Bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olub. Bu layihə yeddi ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, bunu Xorvatiyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında səsləndirib.
O qeyd edib ki, dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir.
Onun sözlərinə görə, bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub:
“İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər.
Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanıb. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır.
Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”.
Prezident deyib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir:
“Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini verib.
Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir”.