May ayında Rusiyanın 2019-cu ilin Avropa Oyunlarına ev sahibliyi edəcəyi təsdiqlənə bilər.
Avropa Olimpiya Komitəsinin (AOK) İspaniyanın Tarraqona şəhərində may ayında keçiriləcək iclasında Rusiyanın 2019-cu ilin Avropa Oyunlarına ev sahibliyi edəcəyi təsdiqlənə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a təşkilatın 2016-cı ildə Lozannda keçirilən ilk iclası başa çatdıqdan sonra AOK-un icra komitəsinin üzvü Aleksandr Kozlovski bildirib.
“AOK-un birinci iclası çox konstruktiv keçdi, iclas bitdikdən sonra rahatlıqla deyə bilərəm ki, Rusiya Avropa Oyunlarının keçirilməsinə əvvəlki kimi əsas namizəddir.
Dopinq sahəsində problemə baxmayaraq, bizim ölkəyə yaxşı münasibət bəsləyirlər, qarşıdan gələn oyunların müzakirəsi konstruktiv keçdi.
Ona görə də yaxın aylarda Oyunların Rusiyada keçirilməsi məsələsi tamamən həll olunacaq.
İcra Komitəsinin ikinci iclasının və AOK seminarının keçiriləcəyi Tarraqonada 2019-cu ilin Avropa Oyunlarına ev sahibliyi edəcəyi təsdiqlənəcəyi istisna deyil” - Kozlovski bildirib.
Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.