Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şahin Diniyev: "Balalarımın canına and olsun ki, belə bir şey yoxdur"
"Səbail" Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. "Zirə"ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram.
- Belə xəbərlər var idi ki, bu oyunda qələbə qazanmaq üçün sizə pul təklif olunub. Bu, nə dərəcədə doğrudur?
- Elə şey olmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdur. Biz olan yerdə ola da bilməz.
- Mətbuat konfransına gecikməyinizin səbəbi nədir?
- Komandanın sponsoru Rauf müəllim gəlmişdi. Onu orada qoyub çıxmaq düz olmazdı.
- Vərəqələrin çox olmasının səbəbi nədir?
- 9-cu dəqiqədə 2 sarı vərəqə var idi, hər şey aydındır. Hakimlərə təşəkkür edirəm. Deməzdim ki, komandamda intizamsızlıq var. Avropada ilk epizodda heç vaxt sarı vərəqə vermirlər. Belə olanda futbolçu mübarizədən çəkinir.
- Klubdakı gələcəyiniz necə olacaq?
- Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Əgər bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Haradan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam.