Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində “Yubileynıy” idman kompleksində Rusiya və Azərbaycanın peşəkar idmançıları arasında kikboksinq üzrə 6-cı beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq. Turnir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Böyük Vətən Müharibəsinin 70 illik yubileyinə həsr edilib.
Oxu.Az “Konkretno.ru”ya istinadən xəbər verir ki, yarışda Rusiya və Azərbaycanın idmançıları – kikboksinq üzrə milli yığmaların üzvləri, Dünya, Avropa çempionatlarının və müxtəlif peşəkar turnirlərin qalibləri iştirak edəcək.
Turnir çərçivəsində 5 çəki kateqoriyasında 10 görüş olacaq: peşəkarlar arasında döyüşlər hər biri 3 dəqiqə olmaqla 3 raund formatında K-1 və lou-kik bölmələrində WAKO-PRO (Beynəlxalq Kikboksinq Federasiyaları Assosiasiyası) qaydalarına uyğun keçiriləcək.
Bu, sayca 6-cı beynəlxalq “Heydar Aliyev Cup” turniridir. Öncəki turnirlər Vyana (Avstriya), Pretoriya (CAR), Bişkek (Qırğızıstan) və iki dəfə Azərbaycanın paytaxtı Bakıda keçirilib.
F.H.
www.oxu.az