Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Səbail”in hücumçusu: “Qələbə düşüncədə deyil, meydanda qazanılır” - MÜSAHİBƏ
“Səbail”in portuqaliyalı futbolçusu Qoba Zakpa peşəkar karyerasına 2012-ci ildə başlayıb.
Portuqaliyanın “Rio Ave” klubunun yetirməsi olan hücumçunun karyerasının böyük hissəsi bu ölkə ilə bağlıdır. Ölkəsində bir neçə klubun formasını geyinən 31 yaşlı forvard Fransa və Kiprdə legioner həyatı yaşayıb.
Əslən Fil Dişi Sahilindən olan Zakpa 2022-ci ilin yayında “Səbail”ə keçib.
Cari mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 2 qol vuran hücumçu “Report”un suallarını cavablandırıb.
- “Səbail”in qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiniz?
- Komanda mövsümün ilk yarısı ilə müqayisədə yaxşıdır. Daha effektli olmaq üçün öz üzərimizdə çalışmağa davam edirik.
- Mövsümün ilk yarısında 18 oyunda cəmi 2 qələbə qazanmışdınızsa, qış fasiləsindən sonrakı 4 matçda bunu bacarmısınız. Baş məşqçi dəyişikliyinin bunda nə kimi rolu oldu?
- Nəticələr və oyun üslubumuz sübut edir ki, baş məşqçi dəyişikliyi komandaya faydalı olub. İndi uğurlu nəticələri zəncirvari şəkildə davamlı etməli və təhlükəli zonadan uzaqlaşmalıyıq.
- Şahin Diniyevlə Mahmud Qurbanovu necə müqayisə edərdiniz?
- Yeni baş məşqçi çox peşəkardır. Onun real oyun ideyaları var. Hər şeydən əvvəl bizə çox güvən verir. Bu fakt da bizə əlavə motivasiya olur. Bu cür yanaşmadan sonra “Səbail”, Şahin Diniyev və komanda yoldaşlarım üçün meydanda hər şeyimi verməyə hazıram.
- 2023-cü ilin ilk oyununda “Şamaxı”nın qapısına yol tapdınız. Mövsümün ilk yarısında isə 15 görüşdə 1 qol vurmuşdunuz. Baş məşqçi dəyişikliyinin şəxsi çıxışınıza da müsbət təsir etdiyini demək olar?
- Mövsümün əvvəlindəki məlumatlara əsasən, bizdən bu ana qədər 22-dən çox qol gözlənilirdi. Ancaq 17 dəfə fərqlənmişik. Bu, o deməkdir ki, qol vurmaq şansımız çox az olub. Şəxsən məndən 3-5 qol gözlənilirdi, 2 dəfə fərqlənmişəm. Məncə, pis deyil, amma daha yaxşısını edə bilərəm və etməliyəm. “Şamaxı” ilə oyun istisna olmaqla, istənilən matçda hücumlarımızın 30 faizindən çoxunu zərbə ilə tamamladıqda qalib gələ bilirik. Qol vəziyyətləri yaratmaq üçün hərəkətlərimizi düzgün qurmağı bacarmalıyıq.
- “Səbail”də sizinlə yanaşı, həmyerliniz Kizito Luvaqa, həmçinin, Ağabala Ramazanov və Mirabdulla Abbasov çıxış edir. Hücumda hansı ilə daha yaxşı anlaşırsınız?
- Meydanda iki futbolçunun bir-birini tamamlamasına bir çox amillər təsir edə bilər. Bu, məşqçinin, rəqibin seçdiyi sistem, mənim mövqeyim və hətta oyunun hesabı da ola bilər.
- Azərbaycan çempionatı ilə artıq yaxından tanışsınız. Premyer Liqanın səviyyəsi sizi qane edir?
- Düşünürəm ki, Azərbaycan çempionatının çox maraqlı potensialı var. “Qarabağ”ın Avropa Liqasındakı uğurlu nəticələri onun çox yaxşı səviyyədə olduğunu sübut edir. Digər klublar da həvəslənməli, bundan nümunə götürməlidirlər. “Sabah” da bu mövsüm əla işlər görür. Onlar bunu davam etdirməlidirlər.
- Bakıya uyğunlaşa bilmisiniz? Həm gündəlik həyatda, həm də futbol meydanlarında əsas çətinliyiniz nədir?
- Mən və xanımım Bakıdakı həyatı sevirik. İnsanlar bizi çox gözəl, hörmətlə qarşıladılar. Meydandan kənarda çox sadə və təmkinli insanam. Həqiqətən də burada yaşadığım üçün çox xoşbəxtəm. Futbol mənə nə qədər imkan versə, böyük məmnuniyyətlə Azərbaycanda qalacağıq.
- Premyer Liqada sonuncu yeri tutan komanda Birinci Diviziona düşəcək. “Səbail”in potensialı elitada qalmağa ümid verir?
- Əminəm ki, biz buna qadirik. Amma qələbə düşüncədə deyil, meydanda qazanılır. Ona görə də, hər qarşılaşmaya ciddi yanaşmalıyıq. Mövsümün sonunadək mümkün qədər çox xal qazanmaq üçün döyüşməli və özümüzü buna məcbur etməliyik.
- Premyer Liqanın XXIII turu çərçivəsində fevralın 18-də “Neftçi”nin qonağı olacaqsınız. Həmin matçdan nə gözləyirsiniz?
- Rəqibin kimliyinin fərqi yoxdur. İstər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Sumqayıt” və ya başqaları ilə oyuna çıxanda qələbədən başqa heç nə gözləmirəm. Bunu təkəbbürlə və ya qürurla demirəm. Sadəcə, döyüşçüyəm, özümə və komandama güvənirəm.
- Azərbaycan Kubokunda yolunuza davam edirsiniz və yarımfinalda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu turnirdə qalib olmaq şansınızı necə görürsünüz?
- Düzünü desəm, qarşıma qoyduğum məqsəd “Səbail”i Premyer Liqada saxlamaq və kuboku qazanmaqdır. Düşünürəm ki, bura təsadüfən gəlmədiyimizi əvvəlki mərhələdə göstərdik. Bizə qarşı ciddi yanaşmaq lazımdır. Hər halda buna inanıram, biz qalib gəlməyə qadirik.
"Fil Dişi Sahili" teqi üzrə xəbərlər
- İtaliya A seriyası böyük böhranla qarşı-qarşıya: Afrika Kubokundan gələn futbolçular bir-bir xəstələnir
- Şokolad sevənlər üçün bəd xəbər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
- Premyer Liqada legioner mənzərəsi: Birinci dövrədə 112 əcnəbi meydana çıxıb - ARAŞDIRMA
- Fransa uğursuzluqlar ağuşunda: Makronun fransızlardan üzr istəyəcəyi gün yaxındadır - ŞƏRH + FOTO
- “Qalatasaray” “Fənərbağça”nın almaq istədiyi ulduzu transfer edib
Rəylər