Ağdamın "Qarabağ" klubunun heyətində sərgilədiyi parlaq oyun sayəsində fərqlənən Kamilo Duran artıq Avropa komandalarının diqqət mərkəzindədir.
Oxu.Az Kolumbiya mediasına istinadən məlumat verir ki, cənubi amerikalı futbolçu karyerasını Şotlandiyada davam etdirmək şansı qazanıb.
Şotlandiya futbolunun nəhənglərindən sayılan "Seltik" gənc hücumçunun transferini bitirmək üçün ciddi qətiyyət nümayiş etdirir. Qlazqo təmsilçisinin hazırkı bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilən forvard üçün "Qarabağ" rəhbərliyinə 2.2 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşdığı vurğulanır.
Ağdam komandasının əsas simalarından birinə çevrilməyi bacaran Duranın Çempionlar Liqası təcrübəsinə malik olması bu transferin baş tutma ehtimalını daha da gücləndirir. Önümüzdəki günlərdə klublar arasında rəsmi danışıqlara start veriləcəyi və "Qarabağ"ın təklif olunan məbləğə dair yekun qərarının açıqlanacağı gözlənilir.
