“10-cu çempionluq Azərbaycanda ilkdir. Bu, bizi çox sevindirir. Hiss edirəm ki, hamımızda bayram sevinci var”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri qeyd edib ki, “Qarabağ”ın azad olmasından sonra çempionluğu fərqli ruhda qeyd edirlər:
“Bir klubun 1-2 il çempion olması başqa şeydir. Amma 10 dəfə çempion olursa, demək ki, bu klubda qələbə ruhu dərindir. Klubumuzun loqosunda bir ulduz var. UEFA-da hər beş illik çempionluqdan sonra bir ulduz verirlər. Artıq bizim loqomuz dəyişəcək və orada iki ulduz olacaq. Bu, böyük nailiyyətdir. Əlbəttə ki, bu gün zəfərimizi tam başqa ruhda qeyd edirik. Çünki qələbəmizi azad Qarabağda yaşayırıq. Çox özəldir. Bizə bu xoşbəxtliyi verən Prezident İlham Əliyevə, şəhidlərimizə təşəkkür edirəm. Hamımız üçün çox gözəl gündür.
Klubun Bakıda mərkəzləşdiyini deyən Tahir Gözəl qeyd edib ki, gələcəkdə önəmli oyunlarını Ağdamda keçirmək şərəf olardı:
“Qarabağ” kimi Avropada oynayan klubun əsası Bakıda yerləşib. Bu, faktdır. Cənab prezidentin verdiyi göstərişlə Qarabağda da stadionlar tikiləcək. Oyunlarımızı orada keçirməkdən şad olaram. Bizim üçün böyük fəxrdir. Amma hesab edirəm ki, “Qarabağ” bugünkü infrastrukturunu Bakıda qurub. Əsas yerini Bakıda inkişaf etdirməlidir. Önəmli oyunlarımızı Qarabağda keçirmək bizim üçün şərəf olardı”.
Klub rəhbəri büdcəyə uyğun yaxşı transferlərlə avrokuboklarda uğur qazanacaqlarını əlavə edib:
“Artıq bir transferimiz oldu. Qurban Qurbanov da elan etdi. “Zirə”dən Hamidu Keytanı aldıq. Ondan savayı bizim səviyyəmizə uyğun, keyfiyyətli oyunçular alacağıq. Hesab edirəm ki, “Qarabağ” ulduz yetişdirən klubdur. Büdcəmizin çatdığı qədər ən mükəmməl, əla futbolçular seçiləcək və onlarla birlikdə Avropada önəmli yer tutacağıq. Bu il bizim üçün uğurlu oldu. Komandamdan bu il daha da uğurlu çıxış gözləyirəm. Çünki qarşılarında heç bir əngəl yoxdur”.
Faiq Tahirov