FIFA-nın həftəlik nəşri olan “The Weekly” jurnalının 19 sentyabr tarixli nömrəsində “Neftçi”yə yer ayrılıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, məqalə müəllifi Sven Qoldmanın yazısında “Neftçi”nin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib.
İki il əvvəl komandanın Avropa Liqasında oynadığını vurğulayan müəllif İtaliyanın “İnter” klubu ilə səfər oyununda qeydə alınmış 2:2 hesablı nəticəni də xatırlayıb. SSRİ dövründə “Neftçi”nin Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlərin təmsilçiləri ilə başa-baş mübarizə apararaq, 1966-cı ildə çempionatın bürünc medalları qazanması yazıda qeyd olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə çempionatının məhz “Neftçi”nin hegemonluğu ilə keçdiyini qabardan nəşr son mövsümdə “Qarabağ”ın çempion olduğunu yazıb.
Ağdam rayonunun erməni işğalçıları tərəfindən zəbt edilməsindən sonra “Qarabağ”ın məcburi olaraq Bakıda məskunlaşdığını vurğulayan müəllif buna baxmayaraq, paytaxtın bir nömrəli klubunun “Neftçi” olduğunu önə çıxarıb. Ötən mövsüm qeydə alınan sürpriz nəticəyə rəğmən “Neftçi”nin bu il növbəti çempionluğa doğru irəlilədiyi yazıda əksini tapıb.
Sonda isə müəllif Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilmiş oyunda “Xəzər Lənkəran” üzərində qazanılmış qələbədən yazaraq oyuna geniş şərh verib.